EN

İsrail Livanın dərinliklərinə doğru irəliləmək imkanını nəzərdən keçirir

İsrail Müdafiə Ordusunun komandanlığı Livanın cənubunda quru əməliyyatının genişləndirilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə "Galei Tzahal" ordu xəbər radiosunun müxbiri Daron Kadoş bildirib.

Onun məlumatına görə, hazırda İsrail ordusunun Livanın cənubunda nəzarət etdiyi zona İsrail sərhədindən təxminən 10 km məsafəyə uzanır. Hərbçilərin sözlərinə görə, daha dərinə irəliləmək və əməliyyatı daha ucqar yaşayış məntəqələrində keçirmək lazımdır. Ordu zabitləri hesab edirlər ki, bu, İsrailin şimalındakı yaşayış məntəqələri üçün təhlükəni daha da azaltmağa imkan verəcək.

"İsrail Müdafiə Ordusunun daha əvvəl dərc olunmuş məlumatlarına görə, "Hizbullah" tərəfindən İsrailin şimalının atəşə tutulmasının təxminən 70-80%-i Litani çayından şimaldakı ərazilərdən həyata keçirilir. Bununla əlaqədar olaraq, daha dərinə - Litani rayonuna qədər - irəliləməyin atəşlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub-olmayacağı aydın deyil. Bu məsələ ilə bağlı siyasi rəhbərlik tərəfindən yekun qərar hələ qəbul edilməyib", - Kadoş deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Ordusu Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməyə davam edir. İsrail həmçinin Livanın cənubundakı quru əməliyyatını genişləndirib.

Chosen
18
far.az

1Sources