Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, İranla hərbi əməliyyatlara görə Tramp administrasiyasının və onun danışıqlar aparan heyətinin diqqəti artıq Rusiya-Ukrayna müharibəsinə yönəlməyib.
Ölkə.Az xəbər verir ki, bu barədə o, Almaniyanın ZDF telekanalına verdiyi müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, İranla danışıqlar prosesi Vaşinqtonu Ukrayna məsələsindən yayındırır. "Onlar daim İranla əlaqədədirlər, Ukrayna üçün vaxtları yoxdur", — deyə prezident danışıqlar aparan Stiv Uitkoff və Cared Kuşneri nəzərdə tutaraq vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ-ın Moskva ilə diplomatik təmasları Avropa ilə olan təmaslarından daha konstruktiv görünür və Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlar prosesinə cəlb edilməsi hələlik çətindir.
"Bu vacibdir, lakin mürəkkəbdir. Və mən ABŞ-dan bunu istədiklərinə dair siqnallar görmürəm", — deyə Zelenski bildirib.
Zelenski, həmçinin vurğulayıb ki, onda qalan təəssürata görə, Donald Tramp "nə onun, nə də Rusiyanın tərəfindədir", o, haradasa ortadadır.