EN

Naviqasiya proqramı yalnış yönləndirərsə sürücünü NƏ GÖZLƏYİR?

"Bu proqramlarda yaranan texniki xətalara görə inzibati məsuliyyətdən azad olunma anlayışı mövcud deyil".

Bunu Day.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. 

O, sürücülərin bir çoxunun istifadə etdiyi yol göstərmə proqramlarının səhv yönlədirməsi ilə qayda pozulmasının nə kimi məsuliyyət yaratdığını açıqlayıb. 

Ekspert bildirib ki, bu proqramlar xarici provayderlər tərəfindən hazırlanır.

"Yəni yerli qurumlarla, o cümlədən Daxili İşlər Nazirliyi və digər aidiyyəti təşkilatlarla rəsmi şəkildə razılaşdırılmayıb. Bu səbəbdən onların fəaliyyətində hər hansı güzəşt və ya məsuliyyətdən azadolma məsələsi nəzərdə tutulmur. Proqramların xarici mənşəli olması onların istifadəsində istifadəçilərin daha diqqətli davranmasını zəruri edir", - deyə o bildirib.

A.Əsədov qeyd edib ki, bu proqramlarda yaranan texniki xətalara görə inzibati məsuliyyətdən azad olunma anlayışı mövcud deyil:

"İstifadəçi proqramın verdiyi istiqamətlərə kor-koranə əməl etməməli, real yol şəraitini də nəzərə almalıdır.

Məsələn, proqram sola dönməyi göstərsə belə, əgər həmin istiqamətdə qadağanedici nişan varsa və ya yol şəraitində maneə mövcuddursa, sürücü düzgün qərarı özü verməlidir və təhlükədən yayınmalıdır", - o vurğulayıb.

Ekspert bildirib ki, bu proqramlar əsasən istifadəçilərin paylaşdığı məlumatlar, ümumi fikir mübadiləsi əsasında fəaliyyət göstərir və dövlət tərəfindən dəstəklənmir:

"Buna görə də onların təqdim etdiyi məlumatlar hər zaman tam dəqiq olmaya bilər. Daha məqsədəuyğun olardı ki, yerli sahibkarlar və data analitikləri milli xüsusiyyətlərə uyğun proqramlar hazırlasınlar. Bu, həm mövcud problemlərin azalmasına, həm də daha etibarlı və funksional sistemlərin formalaşmasına imkan yaradar", - deyə o sonlandırıb.

Nəsimi Ələsgərli 

Chosen
14
day.az

1Sources