EN

Donald Tramp Giorgia Meloni-ni də sildi: Artıq eyni insan deyil

Donald Trump bir vaxtlar ən yaxın müttəfiqlərindən biri hesab etdiyi İtaliyanın Baş naziri Giorgia Meloni-yə qarşı misli görünməmiş sərt bir hücum edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə telefonla verdiyi müsahibədə Trump “şok olduğunu” deyib və “Meloni bizim müharibədə bizə kömək etmək istəmir” bildirib. O, həmçinin Roma hökumətinin enerji təhlükəsizliyi ilə bağlı mövqeyini də sorğulayaraq, italiyalıların öz hökumətlərinin “neft əldə etmək üçün heç nə etməməsindən razı olub-olmadığını” soruşub.

Bu açıqlamalar Trump-ın qısa müddət əvvəl Meloni-ni “dost” və “böyük lider” adlandırmasından sonra diqqətçəkən ton dəyişiminə işarə edir. Trump “Artıq o əvvəlki insan deyil və İtaliya da əvvəlki ölkə olmayacaq” ifadəsini işlədib.

İtaliyanın Yaxın Şərqdə ABŞ əməliyyatlarına verdiyi dəstək artıq Vaşinqtonda müzakirə mövzusu idi. Roma hökuməti mart ayının sonunda İran istiqamətinə gedəcək iki uçuş üçün Siciliyadakı Sigonella hərbi bazasından istifadəyə icazə verməmişdi. Həmçinin dünən Meloni İsraillə olan hərbi razılaşmaların avtomatik yenilənməsini dayandırdığını açıqlamışdı.

Trump-ın bu açıqlamaları Meloni-nin son dövrlərdə ondan uzaqlaşmasının ardınca gəlib. İtaliya lideri Trump-ın Pope Leo XIV-ə dair mübahisəli sözlərini “qəbuledilməz” adlandırmışdı.

Meloni-nin “Fratelli d’Italia” partiyasından bəzi şəxslər də Trump-ın özünü İsa bənzəri bir fiqur kimi göstərən süni intellekt görüntüləri paylaşmasından narahat olduqlarını bildirmişdilər.

Trump həmçinin Meloni ilə “uzun müddətdir danışmadığını” deyib və xüsusilə NATO çərçivəsində transatlantik əməkdaşlıqla bağlı onun mövqeyini tənqid edib:

“Bizə NATO məsələsində kömək etmək istəmir, nüvə silahlarından imtina etməyimizə yardım etmir.”

Trump-ın sözləri İtaliyada da geniş rezonans doğurub. Müxalifət bu açıqlamaların Meloni-nin getdikcə təcrid olunduğunu göstərdiyini deyib. Keçmiş Baş nazir Matteo Renzi sosial şəbəkə X-də paylaşım edərək “Meloni artıq öz çevrəsi tərəfindən də tərk edilir” deyib və onun “siyasi çöküşünün yeni başladığını” iddia edib.

Bunun əksinə olaraq bəzi analitiklər hesab edir ki, Meloni bu vəziyyəti fürsətə çevirə bilər. Roma Luiss Universitetindən professor Lorenzo Castellani bildirib ki, “Trump-ın hücumu əslində bir imkan ola bilər” və Meloni-nin “suverenlik, milli maraqlar və insani dəyərlər” xəttinə yönələrək Trump ilə əvvəlki yaxın münasibətlərindən uzaqlaşa biləcəyini deyib.

Donald Trump son dövrlərdə özünə yaxın hesab etdiyi liderləri bir-bir itirməyə başlayıb. Meloni bu siyahının sonuncusu olub. Bu prosesdə Macarıstanın baş naziri Viktor Orban da seçkilərdə məğlub olaraq siyasi səhnədən uzaqlaşıb.

Bu arada ABŞ-a ilk açıq etiraz edən ölkə İspaniya olmuşdu. Digər ölkələrin də bundan sonra Pedro Sánchez-in yolunu izləməyə başladığı diqqət çəkir.

Müəllif: Günay Hacıyeva
Chosen
13
1
sia.az

2Sources