EN

ABŞ “ağıllı blokada” ilə İranın oksigenini KƏSİR – Tehran geostrateji TƏLƏDƏ

Vaşinqton İranla qarşıdurmada taktikasını yenə də dəyişdi. Rejim dəyişikliyi gətirməyən bir neçə həftəlik hava zərbələrindən sonra ABŞ uzun illər tətbiq etdiyi, lakin daha sərt iqtisadi “boğma” siyasətinə qayıtdı. Və məlum oldu ki, İslam Respublikası üçün əsas təhlükə heç də hava bombardmanı yox, Tehranın illərlə özünün ən böyük üstünlüyü saydığı coğrafiyadadır.

Musavat.com Haqqin.az-a istinadla bildirir ki, Tehranın onilliklər boyu Hörmüz boğazını bağlamaq hədələri fonunda Vaşinqton yeni geosiyasi oyunu özü qurmağa qərar verib. Artıq ikinci gündür ki, İran neftinin ixracı sıfır səviyyəsindədir. Amma gözləntilərin əksinə olaraq, bunun üçün ABŞ Hərbi Dəniz Qüvvələrinə donanmanı birbaşa körfəzin dar sularına daxil etmək lazım olmayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son məlumatlarına görə, “ağıllı blokada” uzaqdan həyata keçirilir. Müasir izləmə sistemləri və kosmik kəşfiyyat sayəsində İran sahillərindən minlərlə mil uzaqda açıq dənizdə olan Amerika gəmiləri gəmiçilik şərtlərini diktə edə bilir. Nəticə heyrətamizdir: bazar ertəsindən bəri İranla əlaqəli səkkiz tanker radio ilə verilən ilk tələbə əsasən marşrutunu dəyişib. Heç bir atəş açılmayıb, heç bir desant qrupu gəmi göyərtəsinə çıxmayıb.

Uzun müddət Hörmüz boğazı Tehranın “nüvə silahı” adlandırılırdı. Hesab edilirdi ki, bu 21 millik dəhlizi bağlayaraq İran dünya iqtisadiyyatını çökdürə bilər. Lakin reallıq tam əksini göstərdi. ABŞ Maliyyə Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı Miad Maleki “Foreign Affairs” üçün yazdığı məqalədə qeyd edir: “Hörmüz boğazının İranın kozırı kimi təqdim edilməsi faktların əsaslı şəkildə təhrifdir. Bu silah deyil, İranın nəfəs aldığı boğazdır”.

Rəqəmlər də bunu təsdiqləyir: İranın bütün dəniz ticarətinin 90%-i bu dar boğazdan keçir, neft ixracının isə 92–96%-i Xark adasındakı yeganə terminaldan asılıdır. Bundan əlavə, İran regionda ən böyük ərzaq idxalçısıdır (ildə 14 milyon ton taxıl) və bu həcmin demək olar ki, hamısı boğazdan keçir.

Səudiyyə Ərəbistanı və ya BƏƏ kimi qonşularından fərqli olaraq, Tehranın boğazdan yan keçən inkişaf etmiş boru kəməri şəbəkəsi yoxdur. 2021-ci ildə geniş reklam olunan “Goreh–Cask” layihəsi əslində “kağız üzərində logistika” olaraq qalıb: 2024-cü ilin yayına qədər onun gücü gündə 70 min barelə belə çatmayıb və hazırda terminal ümumiyyətlə fəaliyyət göstərmir.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) üçün strateji tələ ondan ibarətdir ki, onların “məsxərə donanması” (sürətli katerlər və qısa mənzilli raketlər) taktikası yalnız sahilə yaxın ərazilərdə işləyir. Amerika blokadası isə onların əlçatmaz olduğu uzaq zonalara daşınıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı Karl Şuster izah edir: “ABŞ gəmilərini mütləq Fars körfəzində saxlamalı deyil”. Sürət və qlobal mövcudluq üstünlüyü ilə ABŞ donanması beynəlxalq sularda istənilən gəmini istənilən nöqtədə dayandıra bilər. Yüklü tankerin sürəti velosiped sürətinə yaxın olduğundan blokadanı “yarıb keçmək” cəhdi demək olar ki, intihar sayılır...

İxracın tam dayanmasının İran üçün nəticələri nəinki, ağrılı, geridönməz ola bilər. Blokada üç kritik nöqtəyə zərbə vurur:

ƏRZAQ TƏHLÜKISİZLİYİ: İranın taxıl ehtiyatları bir neçə həftə ərzində tükənə bilər. Alternativ Çabahar limanı lazım olan yükün cəmi 20%-ni qəbul edə bilir.

ENERJİ KOLLAPSI: Böyük neft ehtiyatlarına baxmayaraq, köhnəlmiş neft emalı zavodlarına görə İran özünü benzinlə təmin edə bilmir. Gündəlik 4 milyon gallon çatışmazlıq idxalla qarşılanırdı və indi bu yol bağlanıb. Daxildə yanacaq qiymətləri artıq 40% artıb.

QUYULARIN "ÖLÜMÜ": Bu, ən təhlükəli uzunmüddətli effektdir. İranın anbarları (təxminən 55 milyon barel) bir neçə həftəyə dolacaq. İxrac dayananda hasilat da dayandırılmalı olur. Köhnə yataqlarda bu “su konuslanması”na gətirib çıxarır — suyun nefti laylarda həmişəlik bloklaması prosesi. Yəni, İran gündəlik 500 min barelə qədər hasilat gücünü birdəfəlik itirə bilər.

Bombardmanlar xalqı bayraq ətrafında birləşdirə bilər, amma boş mağaza rəfləri və dayanmış zavodlar tam fərqli reaksiya doğurur. Blokada Tehranın müqavimətini iqtisadi cəhətdən mümkünsüz edir. Qərb analitiklərinin fikrincə, rejimin illərlə “gizli qılıncı” kimi təqdim etdiyi Hörmüz boğazı əslində onun “Axilles dabanı” olub.

Vaşinqton körfəzdə birbaşa hərbi toqquşmaya girmədən İranı çökdürməyin yolunu belə tapıb. İndi əsas sual “rejim çökəcəkmi” deyil, onun “oksigensiz nə qədər dözəcəyi” ilə bağlıdır...

Analitik xidmət,
Musavat.com

Chosen
30
musavat.com

1Sources