EN

WUF13 Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın qlobal qərarvermə mexanizmlərində iştirak imkanlarını genişləndirir ŞƏRH

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 aprel, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk dəfə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda keçirilməsi Azərbaycan üçün strateji baxımdan son dərəcə vacibdir. BMT tərəfindən təşkil olunan ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri kimi bu tədbir yüksək səviyyəli iştirakçıları – dövlət və hökumət nümayəndələrini, nazirləri, bələdiyyə rəhbərlərini, beynəlxalq ekspertləri, özəl sektor təmsilçilərini və iri təşkilatların nümayəndələrini bir araya gətirir ki, bu da forumun çəkisini daha da artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, bu tədbir Azərbaycanın regionda aparıcı mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Forum vasitəsilə ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında dayanıqlı inkişaf, innovativ şəhərsalma və müasir idarəetmə yanaşmaları sahəsində lider statusunu gücləndirir və beynəlxalq təşəbbüslərə fəal töhfə verir.

“Bu platforma yeni prioritetlərin və aktual məsələlərin qlobal gündəliyə çıxarılması üçün əlverişli imkan yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaldan sonra həyata keçirilən “ağıllı şəhər” konsepsiyaları, yaşıl enerji layihələri və davamlı urbanizasiya təcrübələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi Azərbaycanın müasir inkişaf modelini nümayiş etdirir.

Forum xarici sərmayədarların cəlb olunmasına, yeni investisiya layihələrinin formalaşmasına, tikinti, infrastruktur və texnoloji sahələrdə inkişafın sürətlənməsinə əlavə təkan verir. Bununla yanaşı, tədbir ölkəyə gələn qonaqların sayının artmasına səbəb olaraq turizm sektorunda canlanma yaradır, hotellər, ictimai iaşə və xidmət sahələrində iqtisadi fəallığı artırır. Bu proses Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına, zəngin mədəni irsinin və turizm imkanlarının təbliğinə xidmət edir, gələcəkdə həm turist axınının, həm də investisiya həcminin genişlənməsi üçün əlverişli zəmin formalaşdırır. Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni inkişaf perspektivləri açılır”,- deyə N.Həsənov deyib.

Deputat əlavə edib ki, forum region ölkələrinin ümumi problemlərinin müzakirəsi üçün mühüm dialoq platforması rolunu oynayır, qarşılıqlı əməkdaşlığı dərinləşdirir və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın qlobal qərarvermə mexanizmlərində iştirak imkanlarını genişləndirir. Ümumilikdə WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, müsbət imicinin möhkəmləndirilməsi, iqtisadi potensialının genişləndirilməsi və turizm cəlbediciliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbir, eyni zamanda, ölkəmizin irimiqyaslı beynəlxalq forumlara uğurla ev sahibliyi etmək bacarığını bir daha dünya ictimaiyyətinə nümayiş etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources