EN

Çinin narahatlığı artır - Yaponiya hərbi gücünü genişləndirir, ABŞ isə...

"Çin Yaponiyanın təhlükəsizlik siyasətini korrektə etməsindən narahatdır. Tokio II dünya müharibəsindən sonra yenidən hərbi büdcəsini artırmağa qərar verib. Bunu dünyada və bölgədə dəyişən geosiyasi durum diqtə edir. Pekini narahat edən Vaşinqtonun Yaponiyanın hərbi qüdrətini artmasına "yaşıl işıq" yandırmasıdır. Halbuki, Vaşinqton keçmiş illərdə Tokioya hərbi büdcəni artırmağa qadağan etmişdi. Bu qadağa artıq götürülüb".

Bu sözləri Musavat.com-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Pekin hesab edir ki, ABŞ Yaxın Şərqdə İsraili hərtərəfli dəstəklədiyi kimi, eyni siyasəti Asiya qitəsində Yaponiya ilə münasibətdə həyata keçirir: "Yaponiyanın hərbi büdcəsi 2027-ci ilə qədər ümumi daxili məhsulun 2 faizinə çatmaq yolundadır və bu, onu dünyanın ən böyük büdcələri arasında yerləşdirir. Yaponiya uzaq mənzilli raketlər istehsal etməyə başlayıb, ABŞ və Avstraliya ilə birgə təlimləri genişləndirib və Tayvanın təhlükəsizliyinin öz təhlükəsizliyindən ayrılmaz olduğunu açıq şəkildə bəyan edib. Bu, Yaponiyanın pasifist siyasətindən proaktiv siyasətə keçidinin göstəricisidir".

Mərkəz rəhbəri hesab edir ki, Tokio Çinin Tayvana hücumunun Yaponiyanın müdaxiləsinə səbəb olacağı qənaətindədir: "Bu, Tokionun yeni strateji mövqeyidir. ABŞ-Yaponiya hərbi ittifaqı da əvvəlkitək Pekinin diqqət mərkəzindədir. İsrail ABŞ-ın Yaxın Şərqdəki gücünü möhkəmləndirdiyi kimi, Yaponiya da Vaşinqtonun Asiyadakı davamlı hərbi mərkəzinə çevrilib. Okinava adasındakı ABŞ hərbi bazaları və genişləndirilmiş raketdən müdafiə sistemləri artıq Yaponiyanı Amerika strategiyası üçün əvəzolunmaz edib. Digər tərəfdən Yaponiya Avstraliya, Hindistan və digər regional tərəfdaşları ilə əlaqələrini dərinləşdirib, İsrailin İrana qarşı ərəb dövlətləri ilə sakit tərəfdaşlığına bənzər şəbəkə qurub. Bu koalisiya quruculuğu Çinin Tayvanı təcrid etmək və Hind-Sakit okean regionuna hakim olmaq səylərini sarsıdıb.

Beləliklə, Pekinin qorxusu sadəcə Yaponiyanın hərbi güclənməsi ilə bağlı deyil. Söhbət Yaponiyanın Asiyada ABŞ tərəfindən dəstəklənən daimi bir dayaq nöqtəsinə, mövcudluğunun özü strateji rəqabətlə bağlı olan İsrailə bənzər bir dövlətə çevrilməsindən gedir. Əgər bu transformasiya davam edərsə, Tayvan məsələsi ikitərəfli mübahisə deyil, Hind-Sakit okean regionunda demokratiya ilə avtoritarizm arasında onilliklər boyu davam edən qarşıdurmanın mərkəzi olacaq".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
20
musavat.com

1Sources