EN

Azərbaycan qadınının milli etalonu: “Zərifə xanım Əliyeva yalnız alim kimi deyil...”

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.

Onun zəngin elmi irsi, səhiyyə sahəsindəki mühüm xidmətləri və Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələr bu gün də ehtiramla xatırlanır.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, bu gün Zərifə xanım Əliyeva kimi görkəmli bir alimin anım günüdür.

O qeyd edib ki, onun Azərbaycan tibb elminə verdiyi töhfələr xüsusi ehtiramla xatırlanır:

"Zərifə xanım Əliyeva, xüsusilə oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla Azərbaycan tibb elmini yeni mərhələyə yüksəldən alimlərdən biri olmuşdur.

Onun istehsalatla bağlı göz xəstəlikləri, peşə oftalmologiyası sahəsində araşdırmaları həm nəzəri, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu tədqiqatlar yalnız ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirilmiş, Azərbaycan elminin nüfuzunun artmasına töhfə vermişdir".

Jalə Əliyeva vurğulayıb ki, Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, yüksək mənəvi keyfiyyətləri ilə seçilən ictimai xadim kimi də yadda qalmışdır:

"Onun insanlara həssas yanaşması, həkim etikasına sadiqliyi və cəmiyyətə xidmət prinsipi bu gün də tibb işçiləri üçün örnəkdir.

Bugünkü Azərbaycan qadını üçün Zərifə xanım Əliyevanın həyatı çoxşaxəli bir nümunə formalaşdırır. O, elmlə ailə dəyərlərini, ictimai məsuliyyətlə şəxsi ləyaqəti uğurla birləşdirən bir obrazdır.

Bu baxımdan onun yolu göstərir ki, qadın həm yüksək peşəkarlıq zirvələrinə yüksələ, həm də cəmiyyətin mənəvi dayaqlarından biri ola bilər. Qısaca desək, Zərifə xanım Əliyevanın irsi Azərbaycan qadını üçün zəhmətin, ziyalılığın və humanizmin vəhdətini ifadə edən canlı bir məktəbdir".

Chosen
14
cebheinfo.az

1Sources