EN

Xərçəngə qarşı fərdi peyvəndlər Azərbaycana da gətirilə bilər? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rusiyada xərçəngə qarşı fərdiləşdirilmiş peyvəndin icbari tibbi sığorta sisteminə daxil edilməsi səhiyyə sahəsində mühüm yenilik kimi qiymətləndirilir. Bu təşəbbüs Mikhail Mishustin tərəfindən irəli sürülərək, xəstələr üçün müasir müalicə üsullarına daha geniş çıxışın təmin olunmasını hədəfləyir. RNT əsaslı bu yanaşma hər bir pasiyent üçün fərdi hazırlanması ilə diqqət çəkir və onkoloji müalicədə yeni mərhələ hesab olunur.Bənzər innovativ xərçəng müalicə üsullarının Azərbaycanda tətbiqi nə dərəcədə realdır və belə texnologiyaların yerli səhiyyə sisteminə inteqrasiyası üçün hansı addımlar atılmalıdır?Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, ümumilikdə tibbin inkişafı günbəgün artmaqdadır və bu, həm dünyada, həm də Azərbaycanda aydın şəkildə müşahidə olunur:“Azərbaycanda səhiyyə sisteminin hər mənada inkişaf etdiyini görmək mümkündür. Bu inkişaf həm texnoloji baxımdan, həm də tibb personalının peşəkar səviyyəsinin yüksəlməsi istiqamətində özünü göstərir. Müxtəlif təkmilləşmə kurslarının təşkili, yerli və xarici mütəxəssislərin dəvət olunması, həkimlər üçün tətbiq edilən bal sistemi, konfranslar və digər inkişaf yönümlü addımlar diqqətdən kənarda qalmır. Bütün bunlar Azərbaycanın Avropa, MDB və ümumilikdə dünya səhiyyəsindən geri qalmamasına xidmət edir. Xərçəng xəstəlikləri, yəni onkoloji problemlər, hələ də qlobal miqyasda tam həllini tapmamış məsələlərdən biridir. Lakin buna baxmayaraq, tibbdə atılan addımlar, hüceyrə səviyyəsində tapılan yeni müalicə üsulları və xüsusilə erkən diaqnozun qoyulması bir çox hallarda müsbət nəticələrin əldə olunmasına imkan yaradır. Azərbaycanda da onkologiya sahəsində həm texnoloji imkanlar, həm də dərman təminatı baxımından müəyyən irəliləyişlər mövcuddur və bu sahədə dövlət tərəfindən qismən də olsa dəstək göstərilir. Sığorta çərçivəsində həyata keçirilən müalicələr də bu inkişafın göstəricilərindən biridir”.O qeyd edib ki, gələcəkdə atılmalı addımlar isə daha çox yeni və təsdiqlənmiş texnologiyaların tətbiqi ilə bağlıdır:“Hər hansı yeni avadanlıq və ya müalicə üsulu geniş təcrübədən keçməli və effektivliyi sübut olunmalıdır. Yalnız bundan sonra həmin texnologiyaların Azərbaycana gətirilməsi məqsədəuyğun hesab edilir. Bununla yanaşı, onkoloqların və ümumilikdə tibb mütəxəssislərinin davamlı şəkildə təkmilləşməsi də vacib şərtlərdəndir. Xaricdə istifadə olunan müasir tibbi avadanlıqların və preparatların ölkəyə gətirilməsi, lakin yalnız sınaqdan keçmiş və təsdiqlənmiş formada tətbiqi əsas prioritet olmalıdır. Azərbaycan səhiyyəsi heç vaxt təcrübələrin birbaşa əhali üzərində aparılmasına yol vermir və bu baxımdan təhlükəsizlik prinsipləri əsas götürülür. Səhiyyənin inkişafı təkcə dövlətin və ya Səhiyyə Nazirliyinin üzərinə düşən məsuliyyət deyil. Bu prosesdə həkimlərin şəxsi təşəbbüsü, peşəkarlığı və davamlı inkişafı da mühüm rol oynayır. Bütün bu amillər bir araya gəldikdə, Azərbaycan səhiyyəsinin dünya ilə ayaqlaşması və daha da inkişaf etməsi mümkün olacaq”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
demokrat.az

1Sources