EN

Yaz depressiyası mifdir, yoxsa reallıq? -Psixoloq AÇIQLADI

"Yaz yorğunluğu fiziki yorğunluqdan fərqli olaraq görülən işin həcmi ilə birbaşa bağlı deyil. Gündəlik həyatda fiziki yorğunluq sərf edilən enerji ilə düz mütənasiblik təşkil edir. Yəni nə qədər çox çalışırıqsa, özümüzü bir o qədər yorğun hiss edirik. Lakin yaz yorğunluğu və payız depressiyası kimi hallar fəsil dəyişkənliyi zamanı orqanizmin bioloji saatının bir növ "yenidən yüklənmə" tələbindən irəli gəlir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova yaz yorğunluğundan danışarkən səsləndirdi. Onun sözlərinə görə, bu dövrlərdə insan heç bir iş görməsə belə, özünü əzgin, yuxulu və enerjisiz hiss edə bilər:

"Bu vəziyyəti minimuma endirmək üçün ilk növbədə daxili balans tənzimlənməlidir. Orqanizmdə maddələr mübadiləsi, mineral və kimyəvi elementlərin paylanması düzgün getdikdə fəsil dəyişiklikləri daha yüngül keçir. Buna görə də ildə iki dəfə endokrinoloji müayinədən keçmək, qan azlığı və vitamin-mineral çatışmazlığını yoxlatmaq vacibdir. Çünki sinir sistemindən tutmuş hüceyrə səviyyəsinə qədər bütün bədənimiz bu maddələrlə qidalanır; hüceyrə qidalanmadıqda isə ümumi zəiflik qaçılmaz olur. Psixoloji faktorlar da bu prosesdə mühüm rol oynayır. Bədən fəsil dəyişikliyinə alışdığı üçün şüuraltında "yaz gəlir, yenə pis olacam" kimi mənfi gözləntilər yarana bilər".

Psixoloq əlavə etdi ki, insan düşüncələrdən ibarət olduğu üçün psixoloji immuniteti gücləndirmək və həyatdakı eniş-yoxuşlara adekvat yanaşmaq lazımdır:

"Hər ruh düşkünlüyünü və ya məyusluğu dərhal depressiya adlandırmaq düzgün deyil. Depressiya mütəxəssis tərəfindən uzunmüddətli müşahidə əsasında təyin olunan ciddi bir diaqnozdur. Odur ki, özünü xroniki yorğun hiss edən şəxs ilk növbədə fizioloji göstəricilərini balanslaşdırmalı, ehtiyac yaranarsa, emosional vəziyyəti üçün mütəxəssisə müraciət etməlidir".

Xədicə BAXIŞLI 

Chosen
38
8
redaktor.az

10Sources