EN

Şiddət necə normallaşır?

Cəmiyyətdə artan zorakılıq halları fonunda mütəxəssislər emosional idarəetmə problemlərinin dərinləşdiyini bildirirlər. Psixoloqların fikrincə, şiddətə davamlı şəkildə məruz qalmaq insan beynində bu davranışın tədricən adi hal kimi qəbul edilməsinə gətirib çıxarır.

Mövzu ilə bağlı açıqlama verən türkiyəli psixoloq Arzu Hamurcu qeyd edib ki, insan beyni tez-tez təkrarlanan davranışlara uyğunlaşır: “Şiddətə məruz qaldıqca beyin buna alışır, alışdıqca həssaslıq həddi aşağı düşür və nəticədə zorakılıq normal davranış kimi qəbul olunmağa başlayır”.

Onun sözlərinə görə, son dövrlərdə müşahidə olunan zorakılıq halları yalnız fərdi qəzəblə izah edilə bilməz: “Hazırda cəmiyyətdə emosiyaların idarə olunmaması ilə bağlı ciddi problem var. İnsanlar kədər, məyusluq, itki və rədd olunma kimi hissləri qəbul etməkdə çətinlik çəkirlər. Sürətli həyat ritmi fonunda bu emosiyalar işlənmək əvəzinə basdırılır və nəticədə müəyyən məqamda daha sərt formada üzə çıxır.” Ekspert, həmçinin media və sosial platformalarda zorakılıq məzmununun geniş yayılmasının bu prosesə təsir etdiyini vurğulayıb. Onun fikrincə, davamlı ekspozisiya zorakılığı qeyri-adi haldan çıxararaq adi və qəbul edilən davranış modelinə çevirir.

Arzu Hamurcu qeyd edib ki, zorakılıq əksər hallarda güc nümayişi deyil, əksinə, tənzimlənə bilməyən emosional vəziyyətin nəticəsidir: “Duyğularını idarə edə bilməyən insan davranışlarını da idarə etməkdə çətinlik çəkir. Bu baxımdan problem qəzəbin özü deyil, onun necə ifadə olunmasıdır.”

Mütəxəssisin sözlərinə görə, zorakılıq ani şəkildə yaranmır, bu, uzun müddət ərzində yığılan emosional gərginlik, idarə olunmayan qəzəb və aşağı düşən dözümlülük həddinin nəticəsidir. İnsanlar mənfi emosiyalarla sağlam şəkildə başa çıxmağı öyrənmədikdə, bu hissləri ətrafdakılara yönəldə bilirlər.

Psixoloq hesab edir ki, problemin həlli yalnız cəza tədbirləri ilə məhdudlaşmamalıdır. Onun fikrincə, əsas diqqət emosional dayanıqlığın formalaşdırılmasına yönəldilməlidir: “Uşaqlara erkən yaşlardan emosiyaların idarə olunması, rədd olunmanın qəbul edilməsi və qəzəbin düzgün yönləndirilməsi öyrədilməlidir. Eyni zamanda, psixoloji dəstəyə müraciət zəiflik deyil, güc kimi qəbul olunmalıdır.”

Ümumiyyətlə, mütəxəssislərin yekdil fikirlərinə əsasən, zorakılığın qarşısının alınması üçün cəmiyyət səviyyəsində emosional savadlılığın artırılması və psixoloji dəstək imkanlarının genişləndirilməsi vacibdir.

Şahnigar Əhmədova, "İki sahil"

Chosen
52
ikisahil.az

1Sources