Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin (Yargıtay) 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub.
Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində əvvəlcə Akademiyanın rəhbərliyi ilə görüş keçirilib, tərəflər arasında hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti ilə Milli Aviasiya Akademiyasının tələbələri arasında görüş təşkil edilib.
Görüşdə çıxış edən Akademiyanın prorektoru, professor Ədalət Səmədov rektor, akademik Arif Paşayevin salamlarını çatdırıb və təhsil müəssisəsinin fəaliyyəti barədə danışıb.
Qeyd edib ki, Milli Aviasiya Akademiyası ölkənin qabaqcıl ali təhsil ocaqlarından biridir və burada hüquqşünasların hazırlıq səviyyəsi yüksəkdir.
O, xüsusilə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini vurğulayıb.
Sonra Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin dekanı professor Ayxan Rüstəmzadə çıxış edərək fakültə haqqında ətraflı məlumat verib.
O, fakültədə təhsil alan tələbələr, ixtisas istiqamətləri, eləcə də professor-müəllim heyəti, tədrisə cəlb edilmiş hakimlər, prokurorluq orqanlarının əməkdaşları və vəkillər barədə geniş məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzu çıxış edərək Türkiyənin qanunvericilik sistemi, məhkəmə təcrübəsi və cinayət mühakimə icraatının xüsusiyyətlərini bölüşüb.
Görüşdə çıxış edən Azərbaycan Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov isə Azərbaycanda məhkəmə sisteminin fəaliyyəti, cinayət işlərinin baxılması qaydası və məhkəmə təcrübəsi barədə məlumat verib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.