Britaniyalı turist Avropa kurortunda çılpaq gəzdiyi üçün şərti həbs cəzası və cərimə alıb.
Hakimiyyet.az "Newsbook" portalına istinadən xəbər verir ki, hadisə İspaniyanın İsla şəhərində baş verib. 18 yaşlı Böyük Britaniya vətəndaşı Şon Qrem Purves Sant-Anqlu küçəsində paltarsız gəzərkən görüntülənib. Gəncin videosu polisə təqdim edildikdən sonra onun şəxsiyyəti müəyyənləşdirilib və o, həbs olunub. İlkin məhkəmə iclasında britaniyalı təqsirini boynuna alıb.
Xarici vətəndaşın vəkili Martina Errera bildirib ki, müştərisi bu hərəkəti dostları ilə keçirdiyi tətilin sonunda zarafat məqsədilə edib. Elə həmin gün o, evinə uçmalı idi.
Nəticədə hakim gəncə 100 avro məbləğində cərimə kəsib və şərti həbs cəzası verib. Hakim vurğulayıb ki, niyyətindən asılı olmayaraq, nəticə doğuran hərəkətlərə görə gənc məsuliyyət daşımalıdır.