EN

“Kupça”sız evlərə də sığorta şamil olunacaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin layihələri Nazirlər Kabinetinə təqdim edilib. 

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib. Bundan başqa, onun sözlərinə görə, aqrar sığorta sistemi üzrə konseptual dəyişikliklər, eləcə də sığorta vasitəçiləri institutunun tənzimlənməsi istiqamətində yeni qanun layihəsi hazırlanıb. AMB-nin Baş direktoru Vüsal Qurbanov isə qeyd edib ki, daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artırılması nəzərdə tutulur: 

"Katostrofik risklərlə yanaşı, yanğın, partlayış, ildırım riskləri də daxil olmaqla yeni konsepsiya hazırlanıb. Həmçinin sığorta ödənişlərində operativliyin təmin edilməsi üçün müxtəlif tənzimləmələr planlaşdırılır. Eyni zamanda elektron tənzimləmələr gözlənilir. 

Yəni, vətəndaşyönümlü bir sıra aspektlər nəzərə alınıb. Evin kvadratmetrinə uyğun olaraq müəyyən məbləğ olacaq. Yəni burada əsas məqsəd nədir? Hadisə baş verdiyi təqdirdə vətəndaşa evinin dəyərinə yaxın sığorta ödənişi verilsin. 

Amma biz burada sığorta haqqının artımından danışmırıq, bu sığorta məbləğinin artımıdır. Yəni ki, sığortaçının öhdəliyi artır". 

Sığorta məbləğinin artırılması bu sahədə yığıma necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, mövcud təminat məbləği mümkün zərərlərlə uyğun gəlmir: 

"Bakı şəhərində əmlakın icbari sığortası ilə bağlı mövcud təminat məbləği hazırda 25 min manatdır. Lakin bu vəsait baş verə biləcək katostrofik xərcləri tam qarşılamır. Hadisə baş verdikdə, 25 min manat təkcə Bakı şəhərində deyil, bölgələrdə də ev almaq üçün kifayət etmir. 

Zəlzələ, partlayış, dolu, sel, təbii fəlakətlər və yanğın kimi halların yaratdığı zərərlərin qarşılanması üçün təminatın artırılması niyyəti var. Əmlakın icbari sığortası üzrə sığorta haqları sonuncu dəfə 2011-ci ildə tənzimlənib və həmin vaxtdan sonra nə sığorta haqqı, nə də təminat məbləği dəyişdirilib. 

Bu səbəbdən sığorta məbləğinin artırılması nəzərdə tutulur. Məbləğin artırılması isə təbii olaraq sığorta haqqına da təsir göstərə və müəyyən hesablamalar əsasında artım baş verə bilər". 

Onun sözlərinə görə, əmlakın mövcudluğunu təsdiq edən hər hansı rəsmi sənədin olması onun sığortalanmasına imkan verir: 

"Lakin bəzi hallarda vətəndaşların tikililəri üçün sənədləri olmur, yalnız torpaq sahəsinə dair sənədlərlə sığorta etdirmək istəyirlər. 

Bu zaman tikilinin rəsmi mövcudluğunu təsdiqləyən sənəd olmadığı üçün sığortalanma mümkün olmur. Ölkə başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi qərar gələcəkdə prioritet istiqamətlərdən biri olacaq. Məqsəd bütün sənədsiz evlərin sənədləşdirilməsi və nəticədə hər bir evin icbari qaydada sığortalanmasıdır". 

Ekspert qeyd edib ki, hazırda icbari sığortaya görə qanunvericilikdə cərimə nəzərdə tutulub: 

"Lakin cərimənin tətbiqi mexanizmi olmadığı üçün vətəndaşlar bunu əsasən könüllü şəkildə həyata keçirir və ya yalnız tələb olduqda əmlaklarını sığortalayırlar. Vətəndaşların çox az hissəsi əmlakını mütəmadi olaraq sığortalayır və sığortasını yeniləyir. 

Bu səbəbdən əmlakın icbari sığortası ilə bağlı vətəndaş yönümlü dəyişikliklərin edilməsi vacib hesab olunur. Bu dəyişikliklər həm sığorta sahəsinə marağı artıracaq, həm də əmlak sığortasının aktuallaşmasına və kütləvi şəkildə tətbiqinə səbəb olacaq. Nəticədə isə bu, sığorta şirkətlərinin dayanıqlığını artıracaq". 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

“Kupça”sız evlər Vüsal Bədəlov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources