Dərnəgüldən "28 May"a cəmi 10 dəqiqəyə çatmaq mümkün olacaq.
Milli.Az xəbər verir ki, Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir.
Yeni dayanacaqdan qatara minən sərnişinlər qısa müddət ərzində Bakı Dəmiryol Vağzalına, yəni şəhərin mərkəzinə çata biləcəklər. Eyni zamanda bu stansiya Sumqayıt və Xırdalan istiqamətində hərəkət edən qatarların marşrutuna daxil edilir. Bu isə o deməkdir ki, artıq sərnişinlər mərkəzə gəlmədən Bakının qərb hissələrinə daha rahat və sürətli şəkildə hərəkət edə biləcəklər.
"Dərnəgül" dayanacağı gələcəkdə tam miqyaslı nəqliyyat habına çevriləcək. Burada sərnişinlər üçün metro və avtobuslara rahat keçid imkanları yaradılıb. Dayanacağın əlçatanlığı da xüsusi diqqət çəkir. Belə ki, sıfırdan girişlər, panduslar, araba ilə hərəkət edənlər üçün geniş turniketlər, platformalararası keçidlər və liftlər nəzərdə tutulub. Hətta velosiped istifadəçiləri üçün xüsusi dayanacaqlar da quraşdırılıb.
Ən böyük üstünlüklərdən biri isə dəmiryolu dayanacağı ilə metrostansiya arasındakı məsafənin olduqca qısa olmasıdır.
Qeyd edək ki, "Dərnəgül" dəmiryolu dayanacağının yaxın həftələrdə açılışı gözlənilir.
Mina Mikayılova
Milli.Az