EN

Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib

Naxçıvan, 16 aprel, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan yeniyetmə və gənclər arasında “Xəyalındakı şəhərin rəsmini çək!” devizi ilə “Rənglərdə yaşayan şəhərlər” adlı rəsm müsabiqəsi başlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd iştirakçıların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların şəhərlərə baxışının və gələcək şəhər təsəvvürlərinin rəsm vasitəsilə ifadə olunmasına şərait yaratmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər rəsm əsərlərini aprelin 27-dək çərçivəyə salınmış formada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə, Bəhruz Kəngərli adına Sərgi Salonuna təqdim etməlidirlər.

Müsabiqə iki yaş qrupu üzrə təşkil olunur, 14–18 və 19–29 yaş aralığında olan iştirakçılar öz bacarıqlarını sınaya biləcəklər.

Şərtlərə əsasən, təqdim olunan əsərlər akvarel, quaş, yağlı boya və ya qrafika texnikasında hazırlanmalı, hər iştirakçı maksimum 3 (əvvəllər nümayiş olunmamış) əsərlə qatılmalıdır. Həmçinin əsərin arxa hissəsində müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi qeyd olunmalıdır.

Müsabiqə çərçivəsində sərgi və mükafatlandırma mərasimi mayın 4-də saat 15:00-da Bəhruz Kəngərli adına Sərgi Salonunda keçiriləcək.

Qaliblər diplom, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

Müxbir - Nail Əsgərov

Chosen
17
azertag.az

1Sources