EN

Nailə İslamzadənin iradına Rəşad Məciddən CAVAB

Tanınmış aparıcı Nailə İslamzadə sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcidə xitabən status yazıb.

“Cebheinfo.az” xəbər verir ki, N.İslamzadə 44 il efirdə olmağın onun üçün sadəcə peşə deyil , bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar demək olduğunu vurğulayıb:

“Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam.

Amma, təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr… “Şişmə dodaqla aparıcılıq olmur” "Nailə İslamzadədən tikanlı sözlər" bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. 

Amma, oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. Səs yazım qarşınızdadır, onu diqqətlə dinləmək çoxmu çətindir?” 

O qeyd edib ki, bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir: 

“Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir.Bu, sadəcə yanlış deyil, bu məsuliyyətsizlikdir.

Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm ki, əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.

Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma, eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu, nə dərəcədə doğrudur?

Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? Bəs peşə etikası, bəs sözün çəkisi?

Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.

Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm ki, əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. 

Çünki söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir”.Rəşad Məcid də tanınmış aparıcının narahatlığını bölüşüb:

“Əziz Nailə xanım!

Narahatlığınızı qəbul edirəm.Təəssüf ki, sosial mediadakı məsuliyyətsizlik bəzən ciddi, peşəkar mediaya da sirayət edir. İP qazanmaq naminə etik prinsipləri ikinci plana keçirtmək ciddi medianın nüfuzuna zərbə vurur.

Sizin mediadakı uzun illərə dayanan təmkinli, rəğbət doğuran fəaliyyətinizə belə hallar, ucuz şou axtarışları xələl gətirə bilməz. Siz öz jurnalist fəaliyyətinizlə tamaşaçı, oxucu yaddaşında sanballı yerinizi çoxdan qazanmısız!

Ötəri yellərə fikir verməyin!”

Chosen
7
5
cebheinfo.az

7Sources