EN

Rasim Həsənovun məhkəməsi başlayıb

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib. Bildirib ki, müvəkilinin 4500 manat rüşvət almaqda ittiham olunduğu hissə ittiham aktından xaric olunmalıldır.

Çünki Rasim Həsənov həmin vaxt nə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi, nə də komissiyanın üzvü olub. O, həmçinin müvəkkilinin himayəsində azyaşlı övladının olduğunu, səhhətində problem olmasını əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmənin baxış iclasında baxılmalı olduğunu bildirib.

Məhkəmə ev dustaqlığı vəsatətinin təmin edilməməsi, digər vəsatətin baxılmamış saxlanılması, işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası aprelin 23-nə təyin olunub.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Chosen
11
25
cebheinfo.az

10Sources