“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
Layihə çərçivəsində Khan Academy platformasında təqdim olunan tərcümə edilmiş biologiya materialları təhlil edilərək IX sinif tədris proqramına uyğun modullar seçilib. Həmin modullar əsasında 20 şagird üçün strukturlaşdırılmış təlim proqramı hazırlanıb. Təlimlər zamanı “Hüceyrədə siqnal ötürməsi”, “Hüceyrədə bölünmə” ”Klassik və molekulyar genetika“, “Genetik material kimi” və “Mərkəzi dogma (DNT, RNT və zülallar)” mövzuları üzrə dərslər keçirilib. Qeyd edək ki, təlimlər hazırda da davam edir.
Xatırladaq ki, “Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” qrant layihəsi Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibidir. Layihə Şəhla Eminova tərəfindən Zərdab şəhər H. Zərdabi adına 1 nömrəli məktəb-liseyində həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasında yer alan tərcümə edilmiş rəqəmsal biologiya materiallarının tətbiqi vasitəsilə IX sinif şagirdlərinin rəqəmsal resurslardan istifadə bacarıqlarını inkişaf etdirmək, biologiya fənni üzrə anlayışlarını dərinləşdirmək və məntiqi təhlil qabiliyyətlərini artırmaqdır.
























