EN

Marketdən ət məhsulları alarkən nələrə diqqət etməliyik? - MÜTƏXƏSSİS AÇIQLADI

Bakıda supermarketlərin birində satışda olan vaxtı keçmiş kolbasa məhsulu müştərinin narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, məhsulun saxlanma müddəti bitsə də, vitrindən yığışdırılmayıb. Bəs alıcı nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, kolbasa ət məhsulu olduğuna görə zülal mənşəlidir və tez xarab olmağa meyillidir:

“Xüsusilə də bu məhsulları alarkən saxlama şəraiti son istifadə müddəti qədər ən önəmli şərtlərdən biridir. Çünki bəzən son istifadə müddəti bitməsə də, məhsul düzgün şəkildə saxlanılmadıqda onun tərkibində mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Bu isə məhsulun keyfiyyətinin aşağı düşməsinə və xarab olmasına gətirib çıxarır.

Ümumiyyətlə, paketlənmiş məhsulları alarkən ilk növbədə üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olmasına diqqət yetirilməlidir. Məhsulun tərkibi barədə ətraflı məlumat, eləcə də enerji dəyərinə görə karbohidrat, zülal və yağ göstəricilərinin balanslı şəkildə qeyd olunması vacibdir. Əgər hər hansı allergen maddə varsa və ya yoxdursa, bu da mütləq göstərilməlidir. Xüsusilə kimyəvi qatqı maddələrindən istifadə olunubsa, bu da ayrıca qeyd edilməlidir. Bundan əlavə, istehsal tarixi və son istifadə müddəti də mütləq göstərilməlidir.

Xüsusilə xaricdən gətirilən bir çox məhsullarda son istifadə müddəti ilə yanaşı “use before”, “best before” kimi ifadələr də qeyd olunur. Yəni bu məhsullar həmin tarixə qədər daha keyfiyyətli hesab olunur və bu müddət ərzində istifadə olunması tövsiyə edilir. Bu isə bəzən istehlakçılar arasında çaşqınlıq yaradır, çünki bir neçə fərqli tarix göstərilə bilər. Adətən bu kimi qeydlər premium məhsullarda olur və bu məqamlara diqqət etmək vacibdir.

Əgər məhsulun qablaşdırması zədələnibsə, tarix dəyişdirilibsə və ya yazılar silinib, oxunmursa, bu məhsul şübhəli hesab olunur. Eləcə də kolbasa və digər ət məhsulları bəzən doğranmış şəkildə satılır ki, bu zaman istehlakçı məhsul haqqında bütün məlumatları tam şəkildə əldə edə bilmir. Buna görə də belə məhsullar daha riskli sayılır və diqqətli olmaq lazımdır. Ümumiyyətlə, doğranmış məhsullar daha tez xarab olur.

Bəzən müxtəlif marketinq üsulları ilə bu məhsullar ucuz qiymətə təqdim olunur. Lakin nəzərə almaq lazımdır ki, sağlamlıq daha önəmlidir. Açıq vitrində uzun müddət qalan və digər məhsullarla “mal qonşuluğu” prinsipi pozulan məhsullar da risklidir və bu məqamlara diqqət edilməlidir.

Məhsul alındıqdan sonra kənar, xoşagəlməz qoxu varsa, üzərində yapışqanlıq və ya sululuq müşahidə olunursa, içərisində qaralmış və ya yaşıl çalarlar, kif əlamətləri varsa və turş dad verirsə, bu məhsul istifadə edilməməlidir. Bütün bu məqamlara diqqət etmək vacibdir. Çünki keyfiyyətsiz və ya xarab məhsulların qəbulu ciddi zəhərlənməyə səbəb ola bilər. Hətta ciddi zəhərlənmə baş verməsə belə, belə məhsullar orqanizmdə immun sisteminin zəifləməsinə və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər”.

Müəllif: Arzu Qurbanlı
Chosen
13
1
sia.az

2Sources