EN

İsrail Livan gərginliyi telefon zəngi ilə həll ediləcək problem deyil ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu münaqişə onilliklərə söykənir, ABŞ-nin vasitəçiliyi də yetmir

Yaxın Şərqdə uzun müddətdir davam edən qarşıdurma və etimadsızlıq fonunda İsrail və Livan arasında mümkün birbaşa təmasların gündəmə gəlməsi regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İsrailin Baş naziri Benyamin Netanyahu ilə Livan Prezidenti Cozef Aun arasında telefon danışığının planlaşdırılması, tərəflər arasında 30 ildən artıq fasilədən sonra ilk yüksək səviyyəli birbaşa ünsiyyət cəhdi kimi xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün İsrailin innovasiya, elm və texnologiyalar naziri Gila Qamliel tərəfindən təsdiqlənməsi, məsələnin artıq siyasi bəyanatlar səviyyəsindən çıxaraq real diplomatik gündəliyə daxil olduğunu göstərir. Qamlielin sözlərinə görə, uzun müddətdir aparılan müzakirələrin məntiqi davamı olan bu addımın Livanın rifahı və inkişafına töhfə verəcəyi ümid edilir ki, bu da prosesin yalnız təhlükəsizlik deyil, həm də iqtisadi və sosial aspektlərə yönəldiyini göstərir. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp tərəfindən danışıqların tarixinin açıqlanması Vaşinqtonun bu prosesdə aktiv rol oynadığını nümayiş etdirir. ABŞ-nin vasitəçilik cəhdləri İsrail-Livan münasibətlərində buzların əriməsi üçün əsas katalizator kimi çıxış edə bilər. Xüsusilə nəzərə alsaq ki, iki ölkə arasında rəsmi diplomatik münasibətlər mövcud deyil və əlaqələr əsasən dolayı kanallar vasitəsilə həyata keçirilib, bu cür birbaşa təmas potensial olaraq regionda gərginliyin azaldılması baxımından mühüm presedent yarada bilər.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sher.az-a söyləyib ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə Livan Prezidenti Cozef Aun arasında planlaşdırılan telefon danışığı hələlik ilkin addım kimi qiymətləndirilməlidir:

“Bu mərhələdə konkret və dərhal nəticələr gözləmək real deyil. Danışıqlar əsasən rəsmi və diplomatik üslubda aparılacaq, tərəflər qarşılıqlı xoş niyyət mesajları verəcəklər. Lakin əsas məsələ ondan ibarətdir ki, bu ilkin təmasdan sonra verilən vədlər -problemlərin həlli, qarşılıqlı anlaşma və sülh istiqamində addımlar praktik müstəvidə reallaşacaqmı? Bu, açıq sual olaraq qalır. Çünki İsrail-Livan münasibətlərindəki gərginlik son ayların deyil, onilliklərə söykənən dərin və çoxqatlı problemlərdən qaynaqlanır. Bu qarşıdurma təkcə iki dövlət arasında yox, daha geniş kontekstdə regional və ideoloji xarakter daşıyır. Məhz bu səbəbdən belə mürəkkəb problemlərin tək bir telefon danışığı ilə həll olunması mümkün deyil. Hətta vasitəçi qismində çıxış edən Donald Tramp kimi güclü siyasi fiqurun dəstəyi belə bu prosesi qısa müddətdə nəticələndirə bilməz. Əgər bu tip münaqişələr sadə diplomatik təşəbbüslərlə həll olunsaydı, İsrail dövlətinin yaradılmasından bəri keçən onilliklər ərzində artıq çözüm tapılmış olardı.Bununla belə, bu telefon danışığı müsbət istiqamətdə atılmış mühüm ilkin addım kimi dəyərləndirilə bilər”

 Anakitik qeyd edib ki, növbəti mərhələdə bu təmasların davamlı xarakter alması, digər sahələr üzrə institutlara qədər genişləndirilməsi vacibdir:

“Tərəflər bir-birinin təhlükəsizlik narahatlıqlarını və siyasi mövqelərini diqqətlə dinləməli, real kompromis imkanlarını araşdırmalıdır. ABŞ-nin vasitəçilik rolu isə ayrıca qiymətləndirilməlidir. Donald Trampın siyasi xəttinin dəyişkənliyi həm İsrail, həm də Livan üçün müəyyən etimad problemləri yarada bilər. Bu isə onun vasitəçi kimi təsir imkanlarını məhdudlaşdıra bilər. Nəticə etibarilə, prosesin taleyi daha çox tərəflərin öz siyasi iradəsindən və milli maraqlarını necə uzlaşdıracaqlarından asılı olacaq. Digər mühüm faktor isə Livan daxilindəki Hizbullah amilidir. Bu qüvvə uzun illərdir İsrailə qarşı əsas təsir vasitələrindən biri kimi çıxış edir və rəsmi Beyrutun təhlükəsizlik siyasətində mühüm yer tutur. Bu reallıq nəzərə alınmadan nə sülh, nə də davamlı atəşkəs perspektivi real görünür. Hətta nəzəri olaraq atəşkəs əldə olunsa belə, bu, regiondakı daha geniş geosiyasi qarşıdurmalara – xüsusilə ABŞ–İran münasibətlərinə ciddi təsir göstərməyə bilər. ABŞ üçün əsas prioritet Livan deyil, İran faktorudur və Vaşinqtonun regional strategiyası da əsasən bu təhlükənin neytrallaşdırılmasına yönəlib. Buna görə də Livan istiqamətində mümkün yumşalma ümumi regional balansı köklü şəkildə dəyişdirməyə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
sherg.az

1Sources