EN

Gənclərin sağlam gələcəyi naminə maarifləndirici tədbir keçirilib

QHT.az xəbər verir ki, Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda birgə “Gənclər gələcək naminə: narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirib.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, Ulu Öndərin, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini Nigar Şirəliyeva qeyd edərək bildirib ki, gənclər arasında narkomaniyanın və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə onları narkomaniya, siqaret və digər təhlükələr barədə daim maarifləndirmək, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək vacibdir.

GVİB sədri, ictimai xadim Muğan Süleyman oğlu Əliyev bildirib ki, gənclər arasında narkotik maddələrə aludə olma hallarının artması, narkomanların orta yaş həddinin aşağı düşməsi, eləcə də narkomaniya ilə əlaqəli cinayətlərin çoxalması cəmiyyət üçün böyük həyəcan siqnalıdır:

“Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir” – deyə o qeyd edib.

Sədr həmçinin İİV/QİÇS-in tibbi xüsusiyyətlərinə də toxunub. O bildirib ki, İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır.

“Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.”

Profilaktikanın vacibliyinə diqqət çəkən Muğan Əliyev qeyd edib ki, riskli davranışlardan uzaq durmaq, gigiyenik qaydalara əməl etmək və maariflənmək infeksiyanın qarşısını almağın əsas yoludur. O, həmçinin Prezident İlham Əliyevin gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı verdiyi tapşırıqları, narkomaniya və QİÇS-lə mübarizə üzrə dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Çıxış edənlər Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşı, polis mayoru İbrahim Məmmədov, kollecin təsərrüfat şöbəsinin əməkdaşı Elsəfər Abbaslı və digərləri siqaret, narkomaniya və digər pis vərdişlərin gəncləri ciddi təhlükələrlə üz-üzə qoyduğunu, bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riskinin artdığını qeyd ediblər. Eyni zamanda, zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən birinin maarifləndirmə işinin yetərincə güclü olmaması olduğunu bildirərək, təhsil müəssisələrində və idman cəmiyyətlərində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyindən danışıblar.

Fatimə Nəbiyeva

Chosen
2
1
qht.az

2Sources