EN

Afrikanın ən qədim sinaqoqlarından birinə ziyarət bərpa olunur

Qahirə, 16 aprel, AZƏRTAC

Tunisin Cərbə adasında yerləşən “əl-Qribə” sinaqoquna ənənəvi yəhudi ziyarəti cari ilin aprel ayının sonunda yenidən bərpa olunacaq.

AZƏRTAC “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, ziyarət aprelin 30-dan mayın 6-dək keçiriləcək və sinaqoq tunisli və əcnəbi ziyarətçilər üçün açıq olacaq.

Bildirilib ki, son iki ildə sinaqoqa ziyarətlər regional gərginliklər, o cümlədən Qəzza zolağındakı müharibə və Tunisdəki narahatlıqlar səbəbindən məhdud şəkildə təşkil edilib.

Ənənəvi olaraq bu dini mərasim dünyanın müxtəlif ölkələrindən, xüsusilə Avropa və Amerika Birləşmiş Ştatlarından minlərlə zəvvarı Afrikanın ən qədim sinaqoqlarından biri sayılan və e.ə. VI əsrə aid olan “əl-Qribə”yə cəlb edir. Ziyarət çərçivəsində 3 gün davam edən dini ayinlər və mərasimlər keçirilir.

Təşkilatçılar bildiriblər ki, bu il tədbirlər yalnız sinaqoq daxilində keçiriləcək, açıq hava fəaliyyətləri nəzərdə tutulmur.

Təşkilat komitəsinin sədri Peres Trabelsi Tunis hakimiyyətinin təhlükəsizliyin təmin olunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Tunis və Cərbə tolerantlıq, birgəyaşayış və sülh məkanı olaraq qalır.

Xatırladaq ki, 2023-cü ildə keçirilən ziyarətdə təxminən 7 min nəfər iştirak edib. Lakin tədbirin son günündə sinaqoqun yaxınlığında törədilən hücum nəticəsində 2 yəhudi zəvvar və 3 jandarm həlak olub.

2024-cü ilin mayında ziyarət yalnız dualar və şamların yandırılması ilə məhdudlaşdırılıb, yürüşlər keçirilməyib. 2025-ci ildə isə mərasimlər minimum səviyyədə təşkil olunub və cəmi 50-yə yaxın zəvvar iştirak edib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Chosen
32
azertag.az

1Sources