EN

Antalya Diplomatiya Forumu - Azərbaycanın qlobal diplomatiyada artan rolu

Bakı, 17 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və dinamik proseslərlə xarakterizə olunur. Qlobal səviyyədə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və iqtisadi çağırışlar dövlətlər arasında dialoq və əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Antalya Diplomatiya Forumu qlobal səviyyədə mühüm rol oynayan platformalardan biri kimi çıxış edir. Forum qısa müddət ərzində beynəlxalq nüfuz qazanaraq müxtəlif ölkələrin siyasi liderlərini, diplomatlarını və ekspertlərini bir araya gətirən vacib dialoq məkanına çevrilib. Azərbaycanın bu forumda iştirakı ölkənin son illərdə həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət regional sabitliyin təmin olunmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və ölkənin qlobal səviyyədə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu gün yalnız Cənubi Qafqaz regionunda deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi çıxış edir və bir çox strateji layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi onun bu cür platformalarda rolunu daha da artırır. Ölkə Şərq ilə Qərb arasında körpü rolunu oynayaraq beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm iştirakçıdır. Bu baxımdan Orta Dəhliz kimi tanınan layihələr, həmçinin enerji marşrutları Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillər sırasındadır. Forum çərçivəsində bu kimi layihələrin müzakirəsi və təşviqi Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini daha da möhkəmləndirir.

“Bundan əlavə, Azərbaycan postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas ölkələrdən biridir. Bu kontekstdə Azərbaycanın regional sabitliyin təmin olunmasına yönəlmiş addımları beynəlxalq platformalarda müsbət qarşılanır və dəstək qazanır. Antalya Diplomatiya Forumu kimi tədbirlər isə bu təşəbbüslərin daha geniş auditoriyaya çatdırılması üçün mühüm imkan yaradır. Çünki forumda müzakirə olunan əsas məsələlərdən biri də qeyri-müəyyənlik şəraitində gələcəyin planlaşdırılması və risklərin səmərəli idarə olunmasıdır. Müasir dünyada baş verən münaqişələr, geosiyasi qarşıdurmalar və iqtisadi dalğalanmalar dövlətləri yeni yanaşmalar formalaşdırmağa vadar edir. Bu baxımdan Antalya Diplomatiya Forumu ölkələr üçün təcrübə mübadiləsi aparmaq, ortaq strategiyalar müəyyən etmək və beynəlxalq hüquq normalarına uyğun davranış modelləri formalaşdırmaq üçün mühüm imkan yaradır.

Azərbaycan isə bu cür mürəkkəb şəraitdə balanslı və konstruktiv siyasət həyata keçirərək regionda sabitliyin təmin olunmasına mühüm töhfə verib. Nəticə etibarilə, Cənubi Qafqaz bölgəsi tədricən sabitlik və əməkdaşlıq məkanına çevrilir. Bu isə regionun Avrasiya üçün strateji əhəmiyyətini artırır və beynəlxalq layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın yaratdığı yeni siyasi və iqtisadi reallıqlar regionda təhlükəsizlik memarlığının formalaşmasına da müsbət təsir göstərir”, - deyə deputat vurğulayıb.

Chosen
32
azertag.az

1Sources