EN

Rutte: Ankara sammitini səbirsizliklə gözləyirəm

Rutte: Ankara sammitini səbirsizliklə gözləyirəm

NATO-nun Baş katibi Mark Rutte iyul ayında Ankarada keçiriləcək NATO sammitində müdafiə xərcləri məsələsinin müzakirə ediləcəyini bildirərək, bu görüşü səbirsizliklə gözlədiyini ifadə edib.

AFN.az xəbər verir ki, Rutte Çexiyanın paytaxtı Praqada bu ölkənin Baş naziri Andrey Babis ilə keçirdiyi birgə mətbuat konfransında gündəmdəki aktual məsələlərə toxunub.

Çexiyanın ortaq təhlükəsizliyə mühüm töhfələr verən qətiyyətli bir müttəfiq olduğunu qeyd edən Rutte, bu ölkənin NATO üzvlüyünə ciddi yanaşdığını və kollektiv müdafiəyə sadiq olduğunu vurğulayıb. O, müttəfiqlərin ötənilki NATO sammitində müdafiəyə daha çox investisiya yatırmaq, istehsalı artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək istiqamətində tarixi qərarlar qəbul etdiyini xatırladıb.

Cari ildə Ankarada təşkil olunacaq sammitin NATO-nun bu qərarları necə həyata keçirdiyinə diqqət yetirəcəyini deyən Baş katib, müdafiə xərclərinin artırılmasının xalqların təhlükəsizliyini təmin edəcək qüvvə, resurs və imkanlara sahib olmaq üçün zəruri olduğunu və bunun bütün NATO müttəfiqlərinə şamil edildiyini qeyd edib.

Müdafiə xərcləri mövzusunu bütün müttəfiq ölkələrə etdiyi səfərlərdə müzakirə etdiklərini bildirən Rutte, Ankara sammitini səbirsizliklə gözlədiyini, çünki orada həm bu məsələyə, həm də Ukrayna mövzusu kimi təməl problemlərə toxunulacağını, eyni zamanda müdafiə sənayesi istehsal gücünün artırılmasının əsas fokus nöqtəsi olacağını vurğulayıb.

Baş nazir Andrej Babis isə öz növbəsində sabah NATO müttəfiqi ölkələrin liderləri ilə Hörmüz boğazındakı vəziyyətə dair video-konfrans keçirəcəklərini qeyd edib. Çexiya hökumətinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı konkret təkliflər hazırladığını deyən Babis, bu təkliflərin sənaye və texnoloji imkanlarla bağlı olduğunu və ABŞ Prezidenti Donald Trampın da bu təşəbbüsdən məmnun qala biləcəyini ifadə edib. O, həmçinin regionda proqnozlaşdırılmayan hadisələrin yaşandığını bildirərək, Avropanın özünü təmin etmək məcburiətində olduğunu vurğulayıb.

Chosen
8
afn.az

1Sources