EN

Antalya mesajı: Zelenski Putinə görüş təklif etdi – Ərdoğan vasitəçi, Tramp isə...

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər bir anda dünya mediasının əsas müzakirələri sırasında yer alıb. O, ölkəsinin prezidenti Volodimir Zelenskinin Kremlin sahibi Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, XİN rəhbəri bu görüşün Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkün olduğuna da işarə edib.

Bu mesajlar Rusiya-Ukrayna müharibəsinin diplomatik müstəviyə keçidi ilə bağlı yeni ümidlər yaradıb. Burada xüsusi olaraq, Kiyev rəhbərliyinin liderlər səviyyəsində görüşə hazır olduğunu bəyan etməsi və bu prosesdə Türkiyəyə xüsusi rol biçməsi diqqət çəkir.

Məsələnin digər mühüm tərəfi isə, bu formatın genişlənməsi ehtimalıdır. Ukrayna tərəfinin səsləndirdiyi kimi, prosesə Ərdoğan və Trampın da qoşulması ideyası geosiyasi baxımdan tamamilə yeni konfiqurasiya yarada bilər.

Türkiyənin bu prosesdə adı önə çıxırsa, bu təsadüfi deyil. Çünki Ankara indiyədək həm Moskva, həm də Kiyevlə dialoq kanallarını açıq saxlayan nadir aktorlardan biri olub. Məhz bu balanslı siyasət Türkiyəni potensial vasitəçi və ev sahibi kimi ön plana çıxarır.

Bütün bu məqamlar göstərir ki, Antalya platformasından verilən mesajlar, sadəcə, niyyət bəyanatı deyil, həm də böyük diplomatik oyunun başlanğıcı ola bilər. İndi isə əsas məsələ tərəflərin bu çağırışları real addımlara çevirib-çevirməyəcəyidir.


Hazırda müharibənin taleyini dəyişə biləcək belə bir görüş realdırmı? Putin Zelenski ilə eyni masa arxasında oturmağa razı olacaqmı?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat-com-a açıqlamasında bir faktı önə sürərək diqqətlərə çatdırdı ki, 5 ildir davam edən Rusiya-Ukrayna müharibəsində yeganə uğur Türkiyənin vasitəçiliyi ilə əldə olunub: “İstanbulda keçirilən danışıqlarda “Taxıl koridoru”nun yaradılması və əsirlərin mübadiləsi ilə bağlı qərar qəbul edilib və üstündən 3 ildən çox vaxt keçməsinə baxmayaraq həmin prosesə bu gün də tərəflər sadiq olaraq qalmaqdadır. Bütün bunlar Türkiyənin vasitəçiliyinə ümidləri artırır və buna görə də Ukrayna təmsilçisinin Antalya platformasındakı çıxışı təkcə diplomatik jest sayılmamalıdır, bu, eyni zamanda, tərəflər arasında sülhün yaradılması istiqamətində ümid kimi qiymətləndirilə bilər. Təbii ki, müharibə dönəmində tərəflərin qarşılıqlı ittihamları kifayət qədər kəskin səslənir, amma diplomatlar masa ətrafında əyləşərkən ortaq nöqtələr tapmağa meyllidirlər.

Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi Rusiya-Ukrayna cəbhəsində dönüş yarada bilər. Hər iki tərəf Türkiyənin obyektivliyinə inanır. Sadəcə olaraq Ankaranın vasitəçilik missiyasına üçüncü qüvvələrin qısqanclığı Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına imkan vermir. Prosesə Birləşmiş Ştatların cəlb edilməsi özlüyündə yaxşıdır. Çünki Amerika Prezidenti Tramp özü də müharibənin bitməsi üçün səy göstərir və hesab edirəm ki, Türkiyə prosesdə sülh missiyasını uğurla yerinə yetirə bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

Chosen
11
musavat.com

1Sources