EN

70 yaşlı aktyor sirrlərini bölüşdü - Aslan müəllimdən səmimi etiraflar - MÜSAHİBƏ

Səhnədə bəzən görünən yox, hiss olunan qalır. Onun boyu bəlkə də balacadır, amma yaratdığı obrazlar, uşaqların qəlbində qurduğu dünya olduqca böyükdür. İllərini kukla sənətinə həsr edən Aslan müəllim üçün teatr sadəcə peşə deyil - bu, sevgi, məsuliyyət və uşaqlarla qurulan səmimi bağdır. O, həm səhnədən uşaqlara öyrədir, həm də onların saf dünyasından özü öyrənir.

Bu müsahibədə uzun illərin təcrübəsi, sənətin incəlikləri və uşaqların gözündən görünən bir aktyorun hekayəsi var.

Ölkə.az Dövlət Kukla teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev ilə müsahibəni təqdim edir:

-  Salam, Aslan müəllim, necəsiniz? İşləriniz necədir?

-  Salam, xoş gördük. Şükür, yaxşıdır.

-  Aslan müəllim, bu sənətə necə gəlmisiniz? 

-  Mən bu sənətə 7 yaşımda gəlmişəm. Kənd orta məktəbində oxuyanda ilk tamaşam Nəsrəddin Komediyasında “İncir-Mincir” obrazında olub. Elə o vaxtdan da davam etdim. Onilliyi bitirdikdən sonra 1974-76-cı illərdə Bakı Mədəni-Maarif Texnikumunda, 1976-82-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldım. Hər ikisini də fərqlənmə ilə bitirdim və professional səhnəyə gəldim. 1974-cü ildə texnikumda oxuyanda artıq rejissorlar məni gördülər və televiziyaya dəvət etdilər.  1975-78-ci illərdə A.Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində əsas aparıcı aktyor kimi çıxış etdim və beləliklə sənətə gəldim.

563824

-  Bəs kukla aktyoru olmaq necə hissdir?

-  Ümumiyyətlə, uşaqlarla işləmək həm yaxşıdır, çətindir və həm də çox xoşdur. Uşaqlarla işləməyi çox xoşlayıram. Onları sevirəm. Uşaq psixologiyası elədir ki, onlar tamaşanı böyüklərdən çox diqqətli izləyirlər və gözəl başa düşürlər. Ona görə bu məsuliyyəti bildiyim üçün bu teatrda işləməyə qərar verdim. Akademik teatrda da işləmişəm. Hazırda Musiqili Komediya Teatrında da dəvətlə rol oynayıram. Amma Kukla Teatrı, uşaqlar mənim üçün əzizdir. Artıq tələbəlik illərimi nəzərə alsaq, ondan sonra da professional teatrda 1975-79-cü illərdə Yeni il şənliklərində burada iştirak etmişəm. Sumqayıtda işləyəndən sonra da artıq burada işləməyə başladım. 2007-2008-ci ildən artıq buradayam.

-  Aslan müəllim, yeni çağdaş texnologiyalar bu gün uşaqların dünyagörüşünü, onların zövqünü, həyata baxışını, tələbatını elə dəyişib ki, bir uşağa bir neçə dəqiqə də olsa, bir səhnəyə təhkim etmək, onun marağını cəlb etmək o qədər də asan deyil. Buna necə nail olursunuz? 

-  Bayaq dediyim kimi, uşaq psixologiyası həddindən artıq fərqlidir. Açığı, müasir texnologiyalar fonunda - hazırda uşaqlar üçün yaradılan bəzi verilişlər və filmlər qaneedici deyil. Amma teatr canlı sənətdir. Teatrda uşaqlarla təmasda oluruq, onları cəlb edirik. Səhv etmirəmsə, 2010-cu illərdə Həştərxanda beynəlxalq teatr festivalında iştirak edirdik. Orada çox maraqlı bir hadisə ilə qarşılaşdıq. Münsiflər heyətində beş nəfər uşaq var idi. Böyük sənət adamları da iştirak edirdi, amma əsas söz məhz uşaqlara verilirdi. Onlar tamaşanı təhlil edir, öz fikirlərini bildirirdilər.

Bizim uşaqlar arasında da belə olanlar var. Bəzən elə olur ki, bir tamaşaya bir neçə dəfə baxan uşaqlar artıq aktyoru obraz adı ilə yox, öz adı ilə səhnədə çağırırlar. Bu isə çox müsbət haldır. Deməli, biz uşağın diqqətini cəlb edə bilmişik, ona lazım olanı çatdıra bilmişik. Uşağa dərk etdirə bilmişik ki, bu sənət vacibdir, dəyərlidir, bayağı şeylərdən daha önəmlidir. Ümumiyyətlə, uşaqların inkişafı və gələcək elmi dünyagörüşünün formalaşması üçün teatrın rolu çox böyükdür. Xüsusilə uşaq teatrı və kukla teatrı bu baxımdan mühüm əhəmiyyət daşıyır.

563821

-  Aslan müəllim, yaş artıq 70-i ötüb-keçib. Maraqlıdır, Uşaqlarla işləmək, uşaqlara, mədəniyyətə həsr olunan ömürdə onlardan nəyi öyrəndiniz? Səhnədən həmişə onlara nəyi söylətməyə çalışırsınız? 

-  20 oktyabrda 70 yaşım tamam olacaq. Biz uşaqlara öyrətdiyimiz qədər özümüz də uşaqlardan çox öyrənirik. Bir hadisəni sizə danışım. Texnikumda oxuyanda paralel qrupda dövlət imtahan tamaşası hazırlanırdı. Rejissorumuz Yusif müəllim məndən xahiş etdi ki, orada on iki yaşlı Qədim obrazı var, onu oynaya bilərsən? Mən də can-başla “Oynayaram” dedim və rejissorun verdiyi quruluşun demək olar ki, tam əksini etdim. Bu da onunla bağlı idi ki, mən məşqdən çıxırdım, özüm Bakıda 8-ci mikrorayonda qalırdım. Gedib uşaqları müşahidə edirdim. Səkkiz, doqquz, on, on bir yaşlı uşaqların necə davrandığını izləyir və bunları özüm üçün toplayırdım.

Tamaşa vaxtı isə tamamilə gözlənilməz bir nəticə alındı. Rejissorun qurduğu kimi olmadı, mənim yanaşmam üstün gəldi və bir növ tamaşaya öz möhürümü vurdum. Münsiflər heyəti, hətta imtahan komissiyasının sədri olan mərhum Zakir Bağırov (red. Azərbaycan SSR mədəniyyət naziri) da bunu yüksək qiymətləndirdi. Bundan sonra daha da tanındım, tamaşalarım səhnələşdirildi, “Qızıl Fondu”na çəkilişlərim düşdü.

Əslində, iyirmi yaşında bir insanın uşaq psixologiyasını tam bilməsi çətindir. Amma mən bir ay ərzində uşaqları diqqətlə izlədim. Hər gün axşam onların necə oynadığını, top ilə necə əyləndiyini, necə mübahisə edib sonra barışdıqlarını, necə düşündüklərini müşahidə edirdim. Bütün bunları cəmləyərək səhnəyə səkkiz-doqquz yaşlı canlı bir obraz çıxardım. Əgər bu müşahidələri etməsəydim, bəlkə də belə alınmazdı. Bu təcrübə mənə çox şey verdi. Ümumiyyətlə, müşahidə insana çox şey verir.

563825

-  Səhnədə oynadığınız fərqli personajların obrazlarından nə öyrəndiniz?

-  Mən hər zaman demişəm, müsahibələrimdə də demişəm: sənətlərin hamısı gözəldir, çox gözəldir. Amma ən gözəl və ən çətin sənət incəsənətdir, teatr sənətidir. Nəyə görə? Bax, mən bu gün tutalım ki, “Ələddinin sehrli çırağı”nda Sultan rolunda oynayıram. Üç gündən sonra “Cırtdan” tamaşasında İfrit rolunda oynayıram. Bir həftədən sonra “Leyləyin hədiyyəsi” tamaşasında dörd obraz oynayıram. Çoban, sərkərdə, kəndçi rolunu oynayıram. Obrazdan obraza keçmək müsbət mənada çox önəmlidir. Əgər sən o obrazla yaşayırsansa, onu daxilən hiss edirsənsə, artıq onu oynaya bilirsən. Məsələn, özümü “Sultan” kimi hiss edirəmsə, deməli, onu oynaya bilirəm. Yaxud özümü “İfrit” kimi hiss edirəmsə, yenə də həmin obrazı canlandıra bilirəm. Əgər o tamaşa ilə, o obrazla yaşamasan, onu nə canlandıra bilərsən, nə də tamaşaçıya çatdıra bilərsən. 

-  Uşaqların reaksiyası sizin üçün nə ifadə edir? 

-  Əvvəlcədən dedim ki, uşaqları çox sevirəm, həddindən çox xoşlayıram. Hətta teatrda olmayanda da çıxıram, şəhərdə gəzəndə onlara yaxınlaşıram, baxıram ki, parklarda necə oynayırlar, hətta özüm də yaxınlaşıb onlarla əylənirəm. Uşaqların reaksiyası... Hər dəfə onların çöhrəsində - on tamaşaçıdan, on uşaqdan heç biri eyni reaksiyanı vermir.
Baxırsan, biri diqqətlə tamaşanı izləyir, biri ani olaraq gülümsəyir, birinin qaşları çatılır, yəqin xoşuna gəlmir. Biri isə sadəcə sakit oturur. Bunlar tamam başqa-başqa hallardır və biz onların hərəsindən bir detal götürürük. Əgər aktyor bunu götürə bilirsə, nə xoş onun halına.

-  Bəs uşaqlardan sizə gələn ən maraqlı reaksiya nə olub? 

-  Heç yadımdan çıxmaz. Bir tamaşa oynayırdıq. Hansı tamaşa olduğu yadımda deyil. Tamaşa zamanı tərəf müqabilim o obrazın dili ilə mənə yanaşıb çağırırdı. Məsələn, “Sultan” obrazı ilə çağıranda zaldan bir uşaq ayağa qalxıb qışqırdı: “Yox, o, Aslan müəllimdir!” Gör, uşaq neçə dəfə gəlib tamaşalara baxıb ki, həddindən artıq sevgisi var. Mən də orada güldüm, ani olaraq uşağa əl elədim. Bu, mənim sevgimdir, mənə olan rəğbətdir.

563827

-  Sizcə, bu teatr uşaqların inkişafına necə təsir edir? 

-  Mən onu da deyim ki, respublikamızda teatr çoxdur. O cümlədən Bakı şəhərində hər cür teatrlar var. Amma yeganəKukla Teatrıdır ki, sırf uşaq yaradıcılığı ilə, uşaqların psixologiyasına uyğun, onların xoşuna gələn tamaşalar hazırlayır, uşaqların dərk edə biləcəyi tamaşalar təqdim edir. Və əgər bunları hər hansı bir rejissor, hər hansı bir aktyor uşaqlara aşılaya bilirsə, deməli, uşaqların tərbiyəsində cüzi də olsa payımız olur. Bu, çox böyük bir şeydir. Uşaq teatrında uşaqlarla işləmək, onlarla təmasda olmaq hər kəsə də nəsib olmur. 

-  Aktyor hər zaman şirma arxasında qalır və o, başqa aktyorların, digər sənət xadimlərinin nail olduğu populyarlığa ya gec çatır, ya da ümumiyyətlə çata bilmir. Bu təəssürat sizdə necədir? 

-  Bizim tamaşalar iki formada təqdim olunur: həm kuklalarla, həm də kukla geyimi geymiş canlı aktyorlarla. Biz artıq görürük və bizi də görürlər. Qaldı digər aktyorları görmək - hər halda tamaşaçı obraza diqqətlə baxırsa, onu anlayırsa, artıq təxmin edə bilir ki, bu kuklanı oynadan Aslandır, yoxsa başqasıdır. Əgər tamaşaçı bunu müəyyən edə bilirsə, bu, aktyorun yüksək göstəricisidir.

Digər teatrlara gəldikdə isə, heç inanmıram ki, Kukla Teatrının aktyorları səhnədə tam görünən aktyorlardan geri qalsın. Əksinə, bizim aktyorların işi daha çətindir. Ən çətin sahələrdən biri məhz Kukla Teatrıdır. Amma buna baxmayaraq, sözlərini deyə bilirlər. Bütün canlı teatr aktyorlarına da hörmətim var - onlar səhnəyə çıxır, oynayır və gedir.
Amma Kukla Teatrında bir tamaşa iki-üç ay, bəzən daha uzun müddət nümayiş olunduqdan sonra tamaşaçı artıq anlayır ki, bu kuklanın arxasında hansı aktyor dayanır. Hətta onu televiziyada və ya başqa yerdə görəndə tanıyır. Bizim aktyorlar heç də digərlərindən geri qalmır. Əksinə, çox məşhurdurlar, tanınırlar. Obrazları və sənətləri ilə tanınırlar.

563823

-  İllərdir canlandırdığınız və "ayrıla bilmədiyiniz" bir kukla varmı? 

-  Bir dəfə mənə belə bir sual verdilər: “Heç olubmu ki, hansısa rolu oynaya bilməyəcəyinizi düşünəsiniz?” Əvvəl qısa cavab verdim ki, məsələn, “Hamlet” oynamaq istəyərəm. Amma məsələ o qədər də sadə deyil. Hər kəs öz gücünü bilməlidir. Rejissor da aktyoru çox yaxşı tanıyır. Bir-iki tamaşadan sonra artıq bilir ki, bu aktyor nəyə qadirdir.
Əgər rejissor rolu təyin edirsə və aktyor da onunla tanış olandan sonra anlayırsa ki, bu rol onun gücündədir, razılıq verib oynaya bilər. Mən də hər zaman belə etmişəm: rolu tam anlamadan, onu daşıya biləcəyimə əmin olmadan söz verməmişəm.

563826

-  Hansısa bir kukla ilə emosional bağınız varmı?

-  Kuklalarıma fərq qoymuram. Hamısı mənim üçün əzizdir, gözəl obrazlardır. Necə deyə bilərəm ki, “İfrit”dən xoşum gəlmir, “Sultan”dan xoşum gəlir. Xeyr, hamısı mənim üçün əzizdir. 

-  Kukla ilə işləmək fiziki olaraq nə dərəcədə yorucudur? Məsələn: əllərin yuxarıda qalması, ağır kuklalar və s.

-    Düzdür, kuklalarla işləmək, ağır və çətindir. Onu da deyim ki, əgər bir neçə saniyə, bir dəqiqə kukla ilə hərəkət edirəmsə, qalan hissəni canlı oynayıram, yəni geyinib səhnəyə çıxıram. Kuklalar ağırdır, amma öyrəşəndən, alışandan sonra bu iş adi bir şeyə çevrilir, sanki əlinə kitab götürmək kimi. Deyərdim ki, əgər hər hansı bir tanınmış aktyoru başqa teatrdan gətirib bu obrazı kuklalarla oynatmaq istəsən, o, ən azı üç-dörd ay əziyyət çəkəcək ki, alışsın. Amma bizim aktyorlar artıq buna öyrəşiblər. Bu, elə bil ki, gündəlik olaraq əlinə telefon götürmək kimidir. Artıq vərdiş halına çevrilib.

563821

-  Aslan müəllim, sonda sualım belədir ki, Kukla teatrında işləmək istəyən gənc aktyorlara nə kimi məsləhətləriniz ola bilər? 

-  Deyərdim ki, Kukla Teatrı çox böyük bir məktəbdir - aktyor məktəbidir. Doğrudan da, əgər gələcəkdə yaxşı bir aktyor olmaq istəyirlərsə, məhz buradan - Kukla teatrından başlasınlar. Uşaqlarla və kuklalarla beş-altı il işləyəndən sonra kənardan baxanlar artıq deyə bilər ki, bu, yetişmiş aktyordur. Yenə də bayaq dediyim kimi, hər hansı bir tanınmış aktyor başqa teatrdan dəvət olunsa, burada çalışan aktyorlar kimi o effekti dərhal verə bilməz. Ən azından beş-altı ay əziyyət çəkər, tədricən uyğunlaşar.

Ona görə indiki gənclər bəzən buna bir az biganə yanaşırlar. Onlara bunu aşılamaq lazımdır. Təhsil aldıqları universitetlərdə də demək lazımdır, hətta bəzən məcburi şəkildə göndərmək lazımdır ki, gəlib baxsınlar. Tamaşaları, məşqləri izləsinlər. İldə bir-iki nəfər gəlib burada praktika keçsə, bu sənətin həm çətinliyini, həm də gözəlliyini anlayar və çox şey öyrənərlər. Yenə deyirəm, çətindir. Amma gənclər gəlsələr, burada imkan var. Hazırda universitetdə oxuyanlardan da var, yeni məzun olan gənclərimiz də burada çalışır. Düzdür, çətinliyi var, amma böyük həvəslə məhz burada işləmək istəyirlər və işləyirlər.

563820

-  Çox sağ olun, Aslan müəllim. Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Sizi yorduq.

-  Yorulmadım. Siz sağ olun.

Həmidə İbrahimova

Foto-Video: Adəm Seyidli

Chosen
20
2
olke.az

3Sources