EN

Bakıda magistral kəmərlərin üstündə villa tikilir – Partlayış olsa, kim məsuliyyət daşıyacaq?

2 həftə əvvəl paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verən faciəvi durum bu dəfə eyni rayonun Bəkir Çobanzadə küçəsində də yaşana bilər.

Keşlə qəsəbəsində evlər kanalizasiya kollektorunun üstündə tikilmişdi. Abşeron yarımadasına düşən son dolu, sel zamanı kollektor tab gətirmədi və üzərindəki evləri dağıtdı. Üstəlik kollektorun təmiri də üzərində tikilmiş evlər maneə yaratdığında vaxtında mümkün olmadı. Bəkir Çobanzadə küçəsində isə təhlükənin miqyası daha böyükdür və ən acınacaqlı durumun yaşanmasına səbəb ola bilər. Burada strateji əhəmiyyətli infrastrukturun addım-addım zəbt edilməsi və sonradan dövlət möhürü ilə leqallaşdırılması baş verib.

Söhbət şəhərin su təminatının əsasını təşkil edən magistral xətlərin mühafizə zonasının ələ keçirilməsindən gedir. Halbuki, qanun bu ərazilərdə hər hansı tikintini birmənalı şəkildə qadağan edir. Amma reallıq fərqlidir. Artıq ərazi sənədləşdirilib(!) və bu gün açıq bazarda satılır. Su-kanalizasiya sistemi şəhərin ən kritik nöqtələrindən biridir. Bəkir Çobanzadə küçəsində kupçalaşdırılmış torpağın düz altından yüksək təzyiqli, nəhəng diametrli magistral kəmərlər keçir. Bu kəmərlərin üzərində torpağa çıxarış verilib.

Bu isə o deməkdir ki, şəhərin su sisteminin “ürəyi” faktiki olaraq daşınmaz əmlak altında qalıb. Hadisələrin başlanğıcı 2018-ci ilin aprel ayına gedib çıxır. Məhz həmin dövrdə Bakı meri Hacıbala Abutalıbov tərəfindən verilən qərarla bu gün baş verənlərin hüquqi bazasını yaradıb. Sonrakı mərhələlər isə klassik sxem üzrə inkişaf edib, sənədləşdirmə, ölçülərin dəyişdirilməsi, məhkəmə qərarları və nəhayət dövlət qeydiyyatı məsələsi həll olunub. Və bu prosesin rəsmi izləri aşağıdakı kimidir:

WhatsApp

1. Bakı şəhəri, Çobanzadə küçəsində yerləşən 911 kv.m. torpaq sahəsinin 49 il müddətinə abadlıq və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi təyinatı üzrə Həmidov Cəlal Əli oğlu ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında 20.04.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi
bağlanıb.

2. Həmidov Cəlal Əli oğlunun qəyyumu Həmidova Tamara Əliyevnanın (Əli qızı) sifarişi əsasında icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün “Kəngərli” MMC tərəfindən “Geodeziya işləri” adlı sənəd tərtib edilib.

3. Həmidov Cəlal Əli oğlunun qəyyumu Həmidova Tamara Əliyevnanın (Əli qızı) müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 saylı, 14.07.2022-ci il tarixli qətnaməsi əsasında “Kəngərli” MMC tərəfindən hazırlanmış “Geodeziya işləri” adlı sənəd 20.04.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin bağlanmasına əsas olan sənəd kimi müqaviləyə əlavə edilib, icarəyə verilmiş torpaq sahəsinin ölçüsü 871 kv.m.-ə dəyişdirilib, icarə haqqı məbləği azaldılıb.

4. Həmidov Cəlal Əli oğlunun qəyyumu Həmidova Tamara Əliyevnanın (Əli qızı) müraciəti əsasında Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7780/2025 saylı, 29.05.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri, Çobanzadə küçəsi, 30C ünvanında yerləşən faktiki sahəsi 871 kv.m olan torpaq sahəsi üzərində Hamidov Cəlal Əli oğlunun icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilib.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik
hüquqi şəxsi 08.09.2025-ci ildə verdiyi çıxarışla (reyestr nömrəsi: 009011002215, qeydiyyat nömrəsi 1125125416) 871 kv.m olan torpaq sahəsi üzərində Həmidov Cəlal Əli oğlunun icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, eyni zamanda torpaq
sahəsinin planı və ölçüsü tərtib edilib.

Bu 5 bənd sadəcə texniki prosedur deyil. Bu, qanunsuz zəbtin addım-addım leqallaşdırılması sxemidir. Əvvəl torpaq verilir. Sonra ölçülər dəyişdirilir. Daha sonra məhkəmə qərarı alınır. Və sonda dövlət reyestri bu prosesi möhürləyir. Amma bütün bu mərhələlər bir həqiqəti dəyişmir - söhbət magistral su kəmərinin üzərində yerləşən torpaqdan gedir. Hazırda bu torpaq sahəsi milyonlarla manat dəyərində bazara çıxarılıb. Alıcılara isə “ideal yaşayış sahəsi” kimi təqdim olunur.

Amma reallıq tam fərqlidir - ərazi yüksək təzyiqli kəmərin üzərindədir, istənilən qəza ölümcül nəticə verə bilər! Tikinti aparılması isə texniki baxımdan yolverilməzdir. Faktiki olaraq insanlara təhlükəli ərazi satılır. Sabah qəza olsa, məsuliyyəti kim daşıyacaq?

Əgər bu kəmərlərdən biri sıradan çıxsa, suyun təzyiqi ətraf tikililəri saniyələr içində dağıda bilər.
Cəmi 2 həftə əvvəl Nizami rayonu, Keşlə qəsəbəsində baş verən subasma zamanı məlum oldu ki, kanalizasiya kollektoru və mühafizə zolağının üzərində evlər tikilib. Hətta həmin evlərin çıxarışları da olub. Nəticədə evləri sökdülər ki, altlarında yerləşən, yerin 7-8 metr dərinliyində olan kollektoru bərpa edə bilsinlər.

İndi həmin durum Bəkir Çobanzadə küçəsində yaşana bilər. Bu, ehtimal deyil. Bu, göz görə-görə yaradılan ssenaridir. Bu gün ortada olan strateji obyektin mühafizə zonası zəbt olunmasıdır. Məsələnin ən biabırçı tərəfi odur ki, bu zəbt sənədləşdirilib və ərazi artıq kommersiya predmetinə çevrilib. Ortada dövlət infrastrukturuna qarşı məsuliyyətsiz yanaşma və insanların həyatı bahasına başa gələcək bir oyun qurulub. Bu “qanuni sənədlərlə” qurulan təhlükəyə kim “dayan” deyəcək?

E.Məmmədəliyev,
Musavat.com

 

Chosen
18
musavat.com

1Sources