EN

“Space TV nin əməkdaşları Əmək Müfəttişliyinə müraciət edə bilərlər hüquqşünas açıqladı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər “Space TV”də baş verənlər televiziya daxilində ciddi narazılıqlar yaradıb. Belə ki, baş direktor Vado Korovinin vəzifədən azad edilməsindən sonra əməkdaşların etirazlara başladığı və müxbirlərin rəhbərliyin tapşırıqlarını yerinə yetirməkdən imtina etdiyi bildirilir.

Etiraz edənlər maaş tələbi irəli sürməklə yanaşı, Xəbərlər Departamentinə yeni rəhbər təyinatına da qarşı çıxırlar. Müxbirlər bu qərarı həmin şəxsin ali təhsili olmaması ilə əsaslandıraraq rəhbərliyi qəbul etmədiklərini bildirirlər. Hətta kanalın bağlanma ehtimalı da bir neçə gündür müzakirə olunur.

“Space TV”də nə baş verir? Maaşla bağlı deyilənlər realdırsa, rəhbərlik məsuliyyətə cəlb edilə bilərmi? Qanunvericiliyə əsasən, ali təhsili olmayan şəxsin rəhbər vəzifəyə gətirilməsi mümkündürmü?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, işçilərin hüquqları kütləvi şəkildə pozulduqda və ya əmək haqları gecikdirildikdə, həmçinin bu barədə onlara dolğun məlumat verilmədikdə, işçilər fərdi, yaxud kollektiv qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər:

“Dövlət Əmək Müfəttişliyi şikayəti araşdırdıqdan sonra, əgər işəgötürənin məsuliyyəti müəyyən olunarsa, inzibati və ya cinayət xarakterli tədbirlər görülür. Ali təhsili olmayan şəxsin rəhbər vəzifəyə təyin olunmasına gəldikdə isə müasir dövrdə formal təhsildən daha çox peşəkar bacarıq, səriştə və praktiki qabiliyyətlər ön plana çıxır. Əgər bir şəxs ali təhsili olmasa belə, yüksək nəticələr göstərmək potensialına malikdirsə, onun rəhbər vəzifəyə təyin edilməsi müəssisə rəhbərliyinin səlahiyyətindədir. Bu baxımdan, televiziya kanalının rəhbərliyi belə bir qərar veribsə, həmin təyinatın nəticələrinə görə məsuliyyət də birbaşa rəhbərlik və idarəedici komandanın üzərinə düşür. İşçilərin isə müəssisə rəhbərinin qərarlarına hörmətlə yanaşması gözlənilir. Eyni zamanda, işçilər bu təyinatla razı olmadıqda, əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyə uyğun qaydada ərizə təqdim edərək işdən ayrılmaq hüququna malikdirlər”.

Ramil Süleymanov

Bir müddət əvvəl “Space TV”dən ayrılan jurnalist Səidə Bəkirqızı bildirib ki, televiziya ilə bağlı yayılan yeyinti iddiaları mübahisəlidir:

“Mən qısa müddət bu kanalda çalışmışam və mövcud vəziyyəti nəzərə alaraq demək olar ki, orada ciddi maliyyə resursları olmadığı halda iri həcmli yeyinti barədə iddialar inandırıcı görünmür. Rəhbərlik dəyişiklikləri fonunda keçmiş əməkdaşların tənqidi fikirlər səsləndirməsi isə tez-tez rast gəlinən haldır. Belə məqamlarda subyektiv yanaşmaların artması da istisna deyil. Bu baxımdan, ayrı-ayrı qərarların konkret şəxslərin adı ilə əlaqələndirilməsi, xüsusilə də aparıcıların işdən uzaqlaşdırılmasının fərdi rəhbərlərlə bağlanması obyektiv yanaşma hesab olunmur. Ümumilikdə, hazırda televiziya sektorunda maliyyə çətinlikləri müşahidə olunur. Hətta daha böyük gəlir imkanlarına malik kanallarda, məsələn “ATV” və “ARB”də belə ixtisarlar və büdcə problemləri gündəmə gəlir. Bu kontekstdə “Space” televiziyasının da maliyyə çətinliyi yaşaması təbii qarşılanmalıdır. Böyük və gəlir gətirən layihələrin bağlanması bu prosesi daha da sürətləndirib”.

Səidə Bəkirqızının sözlərinə görə, mövcud vəziyyət onu deməyə əsas verir ki, kanalın fəaliyyəti mərhələli şəkildə zəifləyib və bu prosesin yekununda bağlanma ehtimalı da istisna edilmir:

“Rəhbərliklə bağlı səsləndirilən ittihamlara gəldikdə isə bəzi hallarda bu yanaşmaların qərəzli olduğu görünür. İdarəçilik dövründə işçi münasibətlərinə normal yanaşma və gecikmiş ödənişlərin təmin edilməsi kimi müsbət məqamlar da nəzərə alınmalıdır. “Space” televiziyasının problemləri sistem xarakterli olub və onların həlli kifayət qədər çətin idi”.

Aparıcı Elvin Basqallı qeyd edib ki, ötən gün “Space” televiziyasının əməkdaşları ilə rəhbərliyin geniş görüşü keçirilib:

“Son 3 ildə “Space”in əldə etdiyi göstəricilərin və işgüzar tempin qorunması ilə bağlı danışıldı. Son günlər kanalın müqəddaratı ilə bağlı yazılan yazılar şayiə, fərziyyə və yalandan ötə deyil. Doğma kanalım milyonlarla insanın baxış bucağı və yüzlərlə insanın iş yeridir. Mümkünsə, yalanları saxlayın!”

Qeyd edək ki, “Space”in icraçı direktoru Nəriman Əbdüləliyev APA-ya açıqlamasında televiziyanın fəaliyyətini davam etdirdiyini və efirin plan üzrə sabit şəkildə həyata keçirildiyini deyib. Bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

“Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik. Mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir. Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
globalinfo.az

1Sources