EN

Bir fotonun dünyaya verdiyi ciddi mesaj: Bakı Ankara İslamabad geosiyasi oxu

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bəzən tarix uzun çıxışlarda, mürəkkəb sənədlərdə deyil, bir kadrda cəmlənir. 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəPakistanın baş naziri  Məhəmməd Şahbaz Şərifin bir araya gəldiyi foto məhz belə kadrlardandır. Bu görüntü təkcə diplomatik görüşün xatirəsi deyil, həm də  regional və qlobal geosiyasi mənzərənin içində formalaşan yeni güc konfiqurasiyasının vizual ifadəsidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Fotodan oxunan geosiyasi mesaj

Deputat bildirib ki, bu foto ilk baxışdan sadə görünə bilər: “Üç lider, dost münasibət, diplomatik jest. Amma kontekst onu siyasi simvola çevirir. Müasir dövrdə Yaxın Şərqdən Cənubi Qafqaza qədər uzanan gərginliklər, böyük güclər arasında rəqabət və enerji-logistika mübarizəsi fonunda bu foto bir neçə mühüm mesaj verir:

1. Alternativ güc mərkəzlərinin formalaşması

Bu üç ölkə- Azərbaycan, Türkiyə və Pakistan təkcə regional aktorlar deyil. Onlar Avrasiyanın strateji xəritəsində kəsişən siyasi, hərbi və iqtisadi xətlər üzərində yerləşir. Foto göstərir ki, bu ölkələr artıq passiv müşahidəçi deyil, aktiv təşəbbüskar və vasitəçi rolundadır.

2. Tarixi bağların siyasi kapitala çevrilməsi

“Bir millət – iki dövlət” konsepsiyasının daha geniş müstəviyə – üçtərəfli əməkdaşlığa transformasiyası artıq reallıqdır. Türkiyə-Azərbaycan münasibətlərinə Pakistanın əlavə olunması bu ittifaqı daha geniş İslam və türk dünyası kontekstinə çıxarır.

3. Böhranların həllində yeni diplomatik platforma

Antalya Forumu sadəcə tədbir deyil, dialoq məkanıdır. Antalya Diplomatiya Forum kimi platformalar vasitəsilə bu ölkələr qlobal böhranların həllində vasitəçilik iddiasını gücləndirir”.

ABŞ–İran gərginliyi fonunda yeni diplomatik dinamika

Deputat əlavə edib ki, son dövrlərdə ABŞ–İran münasibətlərində müşahidə olunan gərginlik və danışıqların alternativ məkanlarda keçirilməsi diqqət çəkir: “Bu kontekstdə Pakistanın vasitəçi rolu və Türkiyənin siyasi dəstəyi təsadüfi deyil.

Bu foto dolayısı ilə göstərir ki, artıq diplomatiya yalnız Qərb paytaxtlarında formalaşmır. İslamabad, Ankara və Bakı kimi mərkəzlər də qlobal dialoqun yeni ünvanlarına çevrilir. Bu isə çoxqütblü dünya nizamının gücləndiyini göstərən mühüm siqnaldır”.

Cənubi Qafqaz və regional sabitlik

Deputat həmçinin qeyd edib ki, üç qardaş ölkənin əməkdaşlığı xüsusilə Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır: “Azərbaycan-Ermənistan münaqişəsinin həlli prosesində Türkiyənin açıq siyasi dəstəyi və Pakistanın prinsipial mövqeyi bu ittifaqın real təsir gücünü ortaya qoyur.

Bu foto həm də mesaj verir: regionda sülh yalnız lokal deyil, daha geniş geosiyasi koordinasiyanın nəticəsi ola bilər. Bu koordinasiyanın mərkəzində isə məhz bu üçlük dayanır.

Enerji, logistika və “böyük coğrafiya” vizyonu

Azərbaycanın enerji resursları, Türkiyənin tranzit və geostrateji mövqeyi, Pakistanın isə Cənubi Asiya və Hind okeanına çıxışı birlikdə Avrasiyanın nəhəng əməkdaşlıq xəritəsini yaradır.

Bu əməkdaşlıq Orta Dəhliz və yeni nəqliyyat marşrutlarını gücləndirir, enerji təhlükəsizliyinə töhfə verir, Şərqlə Qərb arasında alternativ körpü yaradır. Beləliklə, bu foto yalnız siyasi jest deyil, həm də iqtisadi və geostrateji layihələrin vizual manifestidir.

Fotodan dünyaya verilən əsas mesaj

Bu görüntünün ən güclü tərəfi onun emosional-siyasi sintezidir. Burada rəsmi protokoldan daha çox şey var:

Dostluq-tarixi və sarsılmaz münasibətlər

Qardaşlıq-ideoloji və mədəni bağlara söykənən əlaqələr

Birlik-ortaq maraqlar üzərində qurulan əməkdaşlıq

Həmrəylik-böhran anlarında özünü göstərən birgə fəaliyyər

Sülh çağırışı-münaqişələrin dialoq yolu ilə həllinə yönələn  yorulmaz səylər. 

Bu baxımdan  fotonun verdiyi mesaj belə oxunmalıdır: Ən mürəkkəb geosiyasi şərtlərdə belə, əməkdaşlıq və qarşılıqlı etimad müharibədən daha güclü alternativdir.

Antalya Diplomatiya Forumunda çəkilən bu foto tarixə sadə bir görüş kimi yox, yeni geosiyasi reallığın simvolu kimi düşə bilər.

Bu, üç ölkənin təkcə regional ittifaqı deyil, daha geniş bir vizyonun, Avrasiyada sülh, sabitlik və əməkdaşlıq arxitekturasının qurulmasının vizual bəyanıdır.

Və bəlkə də ən önəmlisi: bu foto göstərir ki, bəzən diplomatiyanın ən güclü dili sözlər deyil, bir kadrın yaratdığı siyasi və mənəvi təsirdir”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
olke.az

2Sources