EN

Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"

Bakı-Qazax avtomobil yolunun 76-cı kilometrliyində quraşdırılmış radar qurğusu ilə bağlı narazılıq yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a sürücülər tərəfindən müraciət daxil olub.

Onların sözlərinə görə, sözügedən ərazidə əvvəllər sürət həddi 90 km/saat olub, lakin sonradan 110 km/saat olaraq dəyişdirilib.

Buna baxmayaraq, radar qurğusunun əvvəlki qaydada işləməyə davam etdiyi iddia olunur.

Sürücülər bildirirlər ki, nəticədə yol hərəkəti iştirakçıları yeni sürət həddinə uyğun hərəkət etsələr belə, sistem tərəfindən cərimələnirlər:

"Yolun sol tərəfində 76-cı kilometr göstəricisi olan lövhədə sürət həddi 110 km/saat kimi qeyd olunub, videoda da aydın görünür. Lakin radar əvvəlki kimi işləyir və sürücüləri cərimələyir".
 

Təqdim olunan görüntülərdə də magistral yolda 110 km/saat sürət həddini göstərən nişanın mövcud olduğu, eyni zamanda sürücünün 100 km/saatdan bir qədər artıq sürətlə hərəkət etdiyi halda cərimə olunduğu əks olunur.


Sürücülər qeyd edirlər ki, bu hal çoxsaylı narazılığa səbəb olub. Bildirirlər ki, artıq bir neçə nəfər bu səbəbdən cərimələnib.

Onlar məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və haqsız tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Bizim.Media

Chosen
16
2
bizim.media

3Sources