EN

Başlıbeldən olan jurnalist telekanallara çağırış etdi

Bu gün - 18 apreldə Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamın növbəti ildönümüdür. Hadisə 1993-cü il aprelin 18-də törədilib.
 
Rəsmi məlumatlara görə, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu olub.
 
Başllıbelin 27 mülki şəhidindən 11-nin qalıqları hələ də tapılmayıb. Bunlar aşağıdakılardı:
 
1.Ağamirov Qənaət İsmayıl oğlu – 53 yaş
 
2. Babayev Abbas Hüseyn oğlu – 65 yaş
 
3. Əliyeva Tutu Mənsim qızı – 67 yaş
 
4. Salahova Pəri Əbdürəhim qızı – 102 yaş
 
5. Salahov Əhməd Fəttah oğlu – 64 yaş
 
6. Fəttahova Çiçək Tağı qızı – 58 yaş
 
7. İsayev Əbdüləli Səlim oğlu – 103 yaş
 
8. İsayeva Qızbəs Fəttah qızı – 94 yaş
 
9. İsayeva Həmayıl Əbdüləli qızı – 54 yaş
 
10. Kazımova Naibə Alzaman qızı – 26 yaş
 
11.Hüseynov Hüseyn Səlim oğlu - 76 yaş.
 
İşğaldan 113 gün sonra mühasirədən çıxanların xahiş və yalvarışlarına baxmayaraq, kahada tək qalan 75 yaşlı Ələsgər Kazımovun isə taleyi məlum deyil. Onun qətlə yetirildiyi, girov aparıldığı, yaxud hansı şəraitdə həlak olduğu barədə heç bir məlumat yoxdur.
 
Modern.az-a açıqlamasında Başlıbeldən olan araşdırmaçı jurnalist Elxan Salahov bildirib ki, itkin düşdüyü ehtimal olunan iki nəfərin qalıqları ekspertiza üçün Bakıya gətirilib:
 
"Başlıbel faciəsi ilə bağlı Baş prokurorluq tərəfindən cinayət işi qaldırılıb və artıq istintaq başa çatıb. İtkin düşənlərin axtarışı istiqamətində həm Baş prokuroluq, həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırmalar aparılır. Hazırda tapılmayan 11 şəhidlə bağlı güman olunduğu yerlərin bir neçəsinə baxış da keçirilib. Hətta kənddə iki şəhidə aid olduğu güman edilən qalıqların nümunələri Bakıya gətirilib. Qalıqlar müvafiq ekspertizadan keçirilir. Həmin qalıqların söügedən şəhidlərə aid olub-olmadığı barədə hazırda dəqiq məumat yoxdur".
 
Jurnalist Başlıbel faciəsi və digər müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlı televiziyalara və elmi mərkəzlərə çağırış edib:
 
"Başlıbel faciəsinin beynəlxalq ictmaiyyətə çatdırılması ilə bağlı da Paş prokurorluq səviyyəsində işlər görülür. Dövlət tərəfindən kifayət qədər işlər görülüb və hazırda da görülür. Lakin xüsusilə vurğulamalıyam ki, Ermənistanın azərbaycanlılara qarşı törətdikləri müharibə cinayətlərinin beynəlxlaq ictimaiyyətin diqqətinə çatdırılmasını təkcə dövlətin üzərinə qoymaq olmaz. Çünki dövlətin gördüyü hər hansı bir iş daha çox dövlətin siyasəti kimi yozulub qiymətləndiriləcək. Mən təəssüflə qeyd etməliyəm ki, televiziyalar, elmi tədqiqatlarla məşğul olan mərkəzlər bu istiqamətdə lazımi səviyyədə işləmirlər.
 
Ümumiyyətlə, biz xalqımıza qarşı soyqırımılarının dünyaya çatdırılması istiqamətində davamlı iş görmürük. "Məlumatları araşdırdıq, sənədli film çəkdik, kitab yazdıq, beləliklə də iş bitdi"  kimi məsələyə baxmaq dövlətimiz, ali məqsədlərimiz üçün yarımçıq yanaşmalardır. Bir daha çağırış etmək istəyirəm. Bu məsələlər ardıcıl və sistemli şəkildə, xüsusilə də televiziyalar vasitəsilə xarici dillərdə yayımlanmalı, qısa-10 dəqiqəlik filmlər vasitəsilə çatdırılmalıdır. Hətta bu ingilis, fransız, alman, italyan dillərinə tərcümə olunmuş məlumatlar sonradan Qeyri-Hökumət təşkilatları, elmi mərkəzlər tərəfindən sənədləşdirilməli və beynəlxlaq təşkilatlara, BMT-nin müxtəlif strukturlarına göndərilməldir. O məktublara, materiallara rəsmi cavab gəlməlidir ki, "materiallar çatdı, araşdırıb sizə məlumat verərik".
 
Bilirsinizmi, hər bir şey rəsmiyyətə bağlıdır. Siz adi bir məktub yazır və üzərində ünvan göstərirsinizsə, ona mütləq cavab verilməlidir. Xüsusilə də, silahsız, mülki, əliyalın insanlara qarşı törəfilmiş müharibə cinayətlərində məsələ belədir. Ona görə də, bir vətəndaş, tədqiqatçı jurnalist, müharibədən zərərçəkmiş siravi vətəndaş kimi həmkarlarımı, jurnalist dostlarımızı daha aktiv olmağa çalışıram. AMEA-nın alim və mərkəzlərinin televiziya, mətbuat nümayəndələri kimi çox geniş imkanları mövcuddur. Müasir dövrdə AMEA, elmi mərkzələr, beynəlxalq tədbirlərdə, simpoziumlarda çıxış edirlər. O çıxışların arasında niyə müharibə cinayətləri barədə mövzular olmasın?! Bu kimi mövzularda araşdırma, tədqiqat sənədləri olmalıdır ki, belə simpozium və beynəlxalq təşkilatlarda əllərində göstərsinlər: baxın, Ermənistanın dinc Azərbaycan vətəndaşlaırna qarşı törətdiyi soyqırımı cinayətlərinin bir hissəsi də bunlardır.
 
Təklif edir və xahiş edirəm ki, elmi mərkəzlər, vətəndaş cəmiyyəti instutları və televiziya şirkətləri itkin hesab olunan müharibə qurbalarının taleyi ilə bağlı həm vətəndaş məsuliyyəti, həm də ictimai təşkilat olaraq məsuliyyət dərk etsinlər".
Chosen
15
2
moderator.az

3Sources