EN

Haaqada “Şərq və Qərb bir arada” adlı foto sərgi açılıb

Haaqa, 19 aprel, AZƏRTAC

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı, Niderland Azərbaycanlıları Koordinasiya Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Haaqada “Christus Triumfatorkerk” kilsəsində tanınmış fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı foto sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova sərgini giriş sözü ilə açaraq, onun ölkə hüdudlarından kənarda mədəniyyətimizin tərənnümünü, müasir və qədim tariximizin sintezini əks etdirən vasitə olduğunu söyləyib.

Azərbaycanın Niderlanddakı səfirliyinin ikinci katibi Dilarə Abbasova ölkəmizin Şərq və Qərb mədəniyyətinin qovuşduğu tolerant, eləcə də müxtəlif dini və mədəniyyətləri birləşdirən məkan olduğunu qeyd edib. O, bu xüsusiyyətlərin sərgidə öz əksini tapdığını vurğulayıb.

Fotoqraf Etibar Cəfərov isə son illərdə Azərbaycan memarlıq və mədəni irsini sənədləşdirdiyini qeyd edib. O, sərginin adının “Qərb və Şərq memarlığının bir arada vəhdəti” ideyasına əsaslandığını və Azərbaycanın zəngin memarlıq irsini, Şərq və Qərb üslublarının vəhdəti və harmoniyasını fotoqrafiya vasitəsilə numayiş etdirməyə çalışdığını vurğulayıb. Sərgidə nümayiş olunan əsərlərin Şərq və Qərb memarlığının harmoniyasını və vəhdətini, eləcə də müxtəlif dinlərin milli memarlığımıza təsirini əks etdirdiyini bildirib. Həmçinin Avropada uğurla təqdim olunmuş sərgilər və dərc etdirdiyi kitablar haqqında məlumat verib.

Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının sədri Elsevər Məmmədov sərginin təşkilatçısına təşəkkür edərək, belə layihələrin Avropada keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, sərgidə nümayiş olunan fotoların yüksək peşəkarlığını qeyd edib və Etibar Cəfərova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın gözəlliyini, Bakının memarlıq incilərini və qədimliklə müasirliyin vəhdətini əks etdirən fotolar ziyarətçilərin böyük marağına səbəb olub.

Chosen
45
1
azertag.az

2Sources