EN

Arzuolunmaz kürəkən... – REPLİKA

Srağagün bəlli oldu ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Abbas Hüseynovu nizam-intizam qaydalarına riayət etmədiyinə görə əvəzedici komandaya göndərib. Əlbəttə, mövsüm ərzində ikinci belə halın yaşanması komandada işlərin qaydasında getmədiyinin bariz nümunəsidi. Görünür, artıq Qurban bəyin zəhmi, intizam qaydaları, tələbkarlığı futbolçular üzərində olan təsirini itirib.

Öz aramızdı, artıq komanda daxilində başverənlər ictimaiyyətdən gizlədilmir. Məsələn, Sami Mmaenin həmin səbəb üzündən əsas komandadan uzaqlaşdırılması haqda xəbər bu cür sürətlə yayılmamışdı. Düzdü, başverənlər haqda dəqiq mülahizə yürütmək üçün kollektivin daxilində olmaqdan başqa çarə yoxdu. Lakin gün kimi aydındı ki, ağdamlıların çempionluq yarışında “Sabah”dan xeyli geridə olması müəyyən narazılıqların ortaya çıxmasına səbəb olub. İş o həddə çatıb ki, Qurban Qurbanovun qardaşının kürəkəni belə həddini aşmağa cürət edib!

Bilindiyi kimi, Abbas 2017-ci ildən bəri “köhlən atlar”ın heyətindədi. Onsuz da bir çox hallarda baş məşqçi onu start heyətinin daimi üzvü kimi görməyib. Ancaq cari “futbol ili”ndə bu durum lap pisləşib. 30 yaşlı futbolçu premyer-liqada 7 matçda 313 dəqiqə, Çempionlar Liqasının təsnifat mərhələsində 2 matçda 24 dəqiqə forma geyib. Qurban bəy nə ÇL-dəki növbəti oyunlarda, nə də ölkə kubokunda ona şans verib. Yəni Abbas aldığı pul müqabilində ehtiyat oyunçular skamyasını isidib. Böyük ehtimalla, komandanın Çempionlar Liqasında qazandığı uğurlara görə bonuslardan da faydalanıb.

Bizə elə gəlir ki, bekarçılıqdan macəra axtarışına çıxan Abbas Qurban bəyin qəzəbinə tuş gəlib. Heç şübhəsiz, onunla mövsümün sonunda başa çatan müqavilə yenilənməyəcək. Belə də olmalıdı. Yemək, yatmaq qəbahət deyil, amma yediyin qaba tüpürmək... Bunun adını artıq Qurban bəy qoyub!

KƏNAN BAHADIR

Chosen
26
1
football-plus.az

2Sources