EN

“35 minlik stadionumuza 40 min azarkeş gəlirdi”

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“35 minlik stadionumuza 40 min azarkeş gəlirdi”

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan futbolunun problemli, yaralı yerlərindən biri də azarkeş faktorudur. Uzun illərdir ki, ölkə çempionatının əksər oyunlarında azarkeş sayı çox vaxt heç 1000 nəfəri belə keçmir. Hətta cari mövsüm Misli Premyer Liqasında cəmi 200-300 nəfər azarkeşin toplaşdığı matçlar da qeydə alınıb. 

Lakin bəzi oyunlar var ki, stadiona azarkeş cəlb etməyi bacarır. Söhbət son çempion, ölkənin ən titullu klubu “Qarabağ”la hazırkı lider “Sabah” arasındakı görüşlərdən gedir. Ağdam təmsilçisinin Çempionlar Liqasındakı mübarizəsinin fonunda 1-ci yeri əldən verməsi, paytaxt klubunun isə qızıl medallar yolunda stabil  irəliləməsi yarışda rəqabətə, rəqabət isə azarkeşlərin marağına səbəb olur. Belə ki, ötən gün Misli Premyer Liqasının 28-ci turunun “Qarabağ” - “Sabah” oyununu 17 min 338 nəfər Tofiq Bəhramov adına Respublika Stadionundan izləyib. Sözügedən komandaların Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsindəki qarşılaşmasına isə 21 min nəfər azarkeş gəlib. 

Bütün bu nüansları nəzərə aldıqda ortaya bir sual çıxır: Ölkədaxili bütün matçlara azarkeş cəlb etmək üçün hansı addımlar atılmalıdır? 

Bu sualı Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov cavablayıb. 

O, əvvəlcə azarkeşlər üçün stadionda əlverişli şərait yaratmağın lazım gəldiyini deyib: “İnfrastruktur, stadion normal olmalıdır. Oturacaqlar, su və s. Əvvəllər stadiona su, qida apara bilirdin, buraxırdılar. İndi mümkün deyil. Bu kimi şeylər yerli-yerində olmalıdır ki, azarkeşlər çətinlik çəkməsinlər, növbə yaranmasın. Gələn azarkeşə hörmətlə yanaşmaq lazımdır ki, o da oyuna həvəslə gəlsin”.

Mütəxəssis bildirib ki, komandalar azarkeş cəlb etmək üçün istəkli oyun nümayiş etdirməlidirlər: “2-ci əsas məsələ komandanın oyunudur. Oyun yaxşıdırsa, azarkeş də gələcək. Mən 1960, 1970, 1980-ci illəri görmüşəm. Həm futbolçu kimi, həm məşqçi kimi. O vaxt Tofiq Bəhramov adına Respublika Stadionunun 35 minlik azarkeş tutumu vardı. Oturacaqlar taxta idi. 40 min azarkeş gəlirdi, pilləkənlərdə otururdular. İndiki halda İspaniya, İngiltərə futboluna baxırsan, adam həsəd aparır. Futbola baxmağa ailələri ilə gəlirlər. Şərait var, komandaların oyunu yaxşıdır, baxıb istirahət edirlər. Şükürlər olsun, son vaxtlar mən də görürəm ki, stadionlarımıza azarkeş gəlir. Bu, yaxşı haldır. Stadionda keçidləri sadələşdirmək lazımdır. Azarkeş istirahət edə-edə suyunu içə-içə oyuna baxa bilməlidir. Biz görmüşük, görürük də ki, azarkeş üçün şərait lazımdır. Onda əlbəttə ki, iştirak edərlər”.

A.Mircavadov bölgələrdə stadionlara gələn azarkeşlərin sayının Bakıdakından daha çox olduğunu vurğulayıb: “Bölgələrdə stadiona gəlirlər, gələcəklər. Amma bunun üçün də yaxşı stadion, maraqlı oyun lazımdır. Keçən dəfə Tovuzda oyuna nə qədər azarkeş toplaşmışdı. Əvvəllər Şəmkirdə, Lənkəranda da belə idi. Lənkəranda 14 min 500 nəfərlik stadion həmişə dolurdu. Azarkeşlər futbolla yaşayırlar. Bu bir qaydadır. İstəyi var ki, gəlir də. Həmin istəyi qaytarmaq lazımdır. Əvvəlcə infrastrukturu, şəraiti yaxşılaşdırmaq, ikinci pillədə də yaxşı oynamaq lazımdır. 

İstəklə, həvəslə oynayanda azarkeş gələcək də.  Azarkeş istirahətə gəlir”.

Əməkdar məşqçi “Qarabağ” -  “Sabah” matçına çox sayda azarkeş gəlməsinin səbəbinin komandalar arasındakı gərgin rəqabət və baxımlı oyun olduğunu söyləyib: “Qarabağ”la “Sabah”ın oyunu fərqlənir, ona görə də gəlirlər. Uzağa getmək lazım deyil, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında əla oynadı, stadionda anşlaq idi. Amma sonra həmin stadionda - Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ın yerli komanda ilə oyununa getdik, təxminən 200 nəfər adam var idi. Bu, uyğun deyil də. Əgər sevgi, istək varsa, azarkeş həmişə gəlməlidir. İstəyi də azarkeşə oyunla, şəraitlə qazandırmaq lazımdır. Əvvəlki illərdə oturacaqlar taxtadan idi. İndi artıq taxta da deyil. Plastik oturacaqlardır. Həmin oturacaqlar yumşaq, rahat olmalıdır. Belə şeylər əhəmiyyətlidir”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
qol.az

2Sources