EN

TÜRKPA baş katibi 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə çıxış edib

Aprelin 19-da Antalya şəhərində, TÜRKPA baş katibi Ramil Həsən 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Dil və kimliyin bir əsri: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına doğru" mövzusunda panel müzakirələrində çıxış edib.

“İki sahil” xəbər verir ki, baş katib çıxışında 1926-cı ildə keçirilmiş tarixi Birinci Türkoloji Qurultaya toxunaraq, onun bu günə qədər davam edən böyük təsirini xüsusi vurğulayıb. O, əvvəlki nəsillər tərəfindən qoyulmuş strateji əməkdaşlıq və tərəfdaşlıq təməllərini, bu təməllərin türk dilinin və ortaq əlifbanın inkişafına təsirini, habelə Bakıda keçirilən Qurultayın bu günümüzə çatdırdığı birlik və bərabərlik mesajlarının əhəmiyyətini qeyd edib.

Bundan əlavə, R.Həsən həmin inkişaf proseslərinin bu gün Türk Dövlətləri Təşkilatı (TDT) və üzv dövlətlərin başçıları tərəfindən qəbul edilən tarixi qərarlara təsir etdiyini bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türkoloji Panelin uğurla təşkil edilməsini yüksək qiymətləndirərək, bunun sözügedən qərarlar çərçivəsindəki mühüm yerini və türk dünyasının keçdiyi yola verdiyi töhfəni vurğulayıb.

Baş katib türk dövlətləri liderlərinin güclü siyasi iradəsini xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qəbələ Zirvəsində alınan qərarlar nəticəsində Birinci Türkoloji Qurultayın 100 illiyi bu gün yüksək səviyyədə qeyd olunur. Bakıda keçirilmiş və 131 iştirakçını bir araya gətirmiş həmin tarixi Qurultayın bu günümüzü formalaşdıran bir yol olduğunu və TÜRKPA, TDT və digər qardaş təşkilatların üzərində böyük məsuliyyət əks etdirdiyini diqqətə çatdırıb.

Panel müzakirələrdə, həmçinin TDT-nin baş katibi Kubanıçbek Omuralıyev, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Akademiyasının Prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova iştirak ediblər.

Chosen
4
3
ikisahil.az

4Sources