EN

''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı

''Fənərbaxça''nın ''Çaykur Rizəspor''la evdə 2:2 bərabərə qalaraq çempionluq yolunda ciddi zərbə aldığı qarşılaşmanın ardından ən çox müzakirə olunan futbolçuların başında qapıçı Ederson gəldi. Müasir futbolun ən tanınmış və təcrübəli qapıçılarından hesab olunan braziliyalı son saniyələrdə komandasının qol buraxması üçün sanki əlindən gələni etdi. O, qapısını yersiz tərk etməsi azmış kimi çıxışda da kobud səhvə yol verdi və rəqib oyunçu başla topu tora göndərdi. Qarşılaşmanın ardından paltardəyişmə otağında həm məşqçilər korpusu, həm də komanda yoldaşlarından üzr istəyən Ederson daha sonra bütün futbolçuların yer aldığı ''votsap'' qrupunda da üzrxahlıq edərək məsuliyyəti üzərinə götürdü. Belə bir kobud səhvdən sonra ''sambaçı''nın klubdakı gələcəyi sual altına düşüb. 11 milyon avroya transfer edilən, üstəlik illik maaşı da 11 milyon avro olan qapıçının bu boyda pula layiq olub-olmaması fanatlar arasında müzakirə olunur. Onsuz da Ederson gəldiyi gündən bəri ağızları açıq buraxan performans sərgiləmirdi. Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik Edersonun gələcəyini müzakirə etmək üçün onun menecerini İstanbula dəvət edib. Rəhbərlik onun taleyini DÇ-2026-dan sonraya saxlamaq istəmir. Bu qapıçı özü də İstanbulda xoşbəxt deyil. Çünki tez-tez sosial şəbəkələrdə fanatlar onun ailə üzvlərini narahat edir. İddialara inansaq, ''Fənər'' Ederson ilə yollarını ayıracağı təqdirdə artıq daha gənc - 24-25 yaşlı bir qapıçı alacaq. 32 yaşlı əlcək sahibinin İstanbul nəhəngi ilə 2028-ə qədər müqaviləsi var. Daha öncə uzun illər Qvardiolanın ''Mançester Siti''sində forma geyməklə populyarlıq qazanan Ederson Türkiyə karyerasında 34 rəsmi oyuna çıxıb. Bu matçlarda 33 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Chosen
31
1
football-plus.az

2Sources