Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 75-ci dəqiqəsində əvəzlənib. Komandasının yeganə qolunu da 19-cu dəqiqədə penaltidən dəqiq yararlanmış azərbaycanlı futbolçu vurub.
“Partizani” 32 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 32 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 32 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
