EN

Almaniya Təhlükəsizlik Şurası toplanır: Merz müzakirə mövzusunu açıqladı

Almaniya kansleri Fridrix Merz mövcud enerji böhranını müzakirə etmək üçün tezliklə Milli Təhlükəsizlik Şurasının iclasını çağırmağı planlaşdırır.

Musavat.com DPA agentliyinə istinadən xəbər verir ki,  məlumatı kansler Hannover Sərgisinin açılışında açıqlayıb: "Məqsədimiz aydındır: Almaniya iqtisadiyyatı və vətəndaşları dizel yanacağı, benzin və reaktiv yanacaq kimi əsas məhsulların tədarükünün sabit qalacağına əmin olmalıdırlar". O, vəziyyətin hazırda gərgin olduğunu, lakin tədarüklərin tam təmin edildiyini qeyd edib: "Vəziyyət pisləşərsə, müvafiq tədbirlərimiz var. Bizim üçün aydındır: enerji təhlükəsizliyi Almaniyanın əsas prioritetidir".

Xristian Demokrat İttifaqının (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) hakim koalisiyası ötən il müxtəlif böhranlara və təhdidlərə tez və effektiv şəkildə reaksiya verilməsi üçün Milli Təhlükəsizlik Şurası yaradıb. İclaslara kabinet nazirləri və təhlükəsizlik rəsmiləri ilə yanaşı, federal ştatların nümayəndələri də dəvət oluna bilər.

Daha əvvəl Almaniyanın İqtisadiyyat naziri Ketrin Reyxe təyyarə yanacağı çatışmazlığı halında əks tədbirlər görəcəyini açıqlamış, eyni zamanda panikaya düşməmək barədə xəbərdarlıq etmişdi. Reyxe Nəqliyyat Nazirliyi ilə birlikdə 20 apreldə yanacaq təchizatçılarını, hava limanlarının, aviaşirkətlərin və sənaye birliklərinin nümayəndələrini danışıqlara dəvət edib.

Almaniya hakim koalisiyası dizel və benzinə enerji vergisi dərəcəsini iki ay - 1 maydan 30 iyuna qədər - 1 litrə təxminən 17 sent həddində məhdudlaşdırmaq planlarını açıqlayıb. Hakimiyyət orqanlarının fikrincə, bu, sürücülər və müəssisələr üçün vəziyyəti tez bir zamanda yaxşılaşdıracaq. Almaniyanın əmək naziri Berbel Bassın qeyd etdiyinə görə, istehlakçılar və müəssisələr üçün yanacaq vergisi güzəştlərinin ümumi məbləği təxminən 1,6 milyard avro təşkil edəcək.

Musavat.com

Chosen
18
3
musavat.com

4Sources