EN

Naxçıvanda hibrid mühərrikli minik avtomobillərinin sayı 3 dəfə artıb

Naxçıvan, 20 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında nəqliyyat parkı son illərin ən yüksək artım tempini nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2026-cı ilin əvvəlinə muxtar respublikada qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 56 min 510-a çatıb. Bu isə illik müqayisədə 10,3 faiz artım deməkdir.

Strukturda əsas payı ənənəvi olaraq minik avtomobilləri təşkil edir. Onların sayı 47 min 86 ədədə yüksələrək bir il ərzində 11,5 faiz artıb. Bununla yanaşı, muxtar respublikada 7 min 384 yük avtomobili, 1 031 avtobus, 519 xüsusi təyinatlı və təcili tibbi yardım avtomobilləri, eləcə də 490 pikap və furqon qeydiyyatdadır.

Nəqliyyat parkındakı genişlənmə yükdaşıma sektorunda da özünü göstərib. Belə ki, bu dövrdə yük avtomobillərinin sayı bir il öncəyə nisbətən 4,8 faiz artıb, bu isə muxtar respublikada yükdaşıma sahəsində fəaliyyətin genişlənməsinə şərait yaradıb. 2026-cı ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektoru üzrə 1 milyon 670 min 800 ton yük daşınıb ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artım deməkdir.

Eyni dövrdə sərnişin daşımalarında da müsbət dinamika davam edib. Hesabat dövründə 11 milyon 314 min 400 sərnişin daşınıb, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artım qeydə alınıb.

Yeni avtomobillərin sayındakı artım da statistikada əksini tapıb. 2024-cü ilin sonuna istismar müddəti 2 ilədək olan avtomobillərin sayı 1 046 ədəd olduğu halda, 1 yanvar 2026-cı ildə bu göstərici 2 254-ə yüksəlib.

Bu dövrdə əsas tendensiyalardan biri də “yaşıl nəqliyyat”a keçidin sürətlənməsidir. Belə ki, hibrid mühərrikli minik avtomobillərinin sayı cəmi bir il ərzində 797-dən 2 440-a yüksələrək 3 dəfə artıb. Elektrik mühərrikli avtomobillərin sayı da artaraq 220 ədədə çatıb. Bu dinamika regionda daha qənaətcil və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə marağın artdığını göstərir.

Müxbir- Nail Əsgərov

 

Chosen
33
3
azertag.az

4Sources