"Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən 5-ci Antalya Diplomatiya Forumu (ADF2026) aprelin 17-19-da Antalyada baş tutdu. Bu ilin mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" adlanır, geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda dünyada proqnozlaşdırmanın get-gedə çətinləşdiyini simvollaşdıran bir mövzudur".
Bunu Redaktor.az-a Antalya Formundan danışan deputat Naqif Həmzəyev bildirdi.
O vurğuladı ki, forum rekord iştirak göstəriciləri ilə yekunlaşıb. Belə ki, 150 ölkədən 6400 iştirakçı, 23 dövlət və hökumət başçısı, 13 dövlət başçısı müavini, 50 nazir və 87 beynəlxalq təşkilatın üst səviyyəli nümayəndəsi toplantıya qatılıb:
"Bu rəqəmlər forumun artıq qlobal diplomatik təqvimin sabit elementinə çevrildiyini açıqca göstərir. Açılış mərasiminin ardından Türkiyə Prezidenti Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğuladı, Türk Dövlətləri Təşkilatından danışaraq gələcəkdə Azərbaycandan sədrliyin ötürüləcəyini bildirdi. Ənənəvi olaraq İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V Antalya Diplomatiya Forumuna qatıldılar. Bu iştirak Azərbaycanın forumla sabit, ənənəvi əlaqəsini bir daha təsdiqlədi. Prezident İlham Əliyev forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Moldova Respublikasının Prezidenti Maya Sandu və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdü. Dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü oldu. Türkiyə-Azərbaycan-Pakistan üçlüyü bu forumda ayrıca diqqəti çəkdi. Türkiyənin xarici işlər naziri Hakan Fidan üç liderin birlikdə çəkildirdiyi fotonu şərh edərək bunun "bütün dünyaya qardaşlıq həmrəyliyi mesajı" olduğunu bildirdi. Fidanın sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır. Ərdoğan-Əliyev görüşündə iki ölkə arasında enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı irəliyə aparmaq məsələləri müzakirə edildi. Ərdoğan Azərbaycan ilə Ermənistan arasındakı barış prosesinin məmnuniyyətverici olduğunu, Türkiyənin Azərbaycanı Cənubi Qafqaz barışının memarı kimi görmək istədiyini bildirdi".
Deputat qeyd etdi ki, forum yalnız rəsmi panel müzakirələri üçün deyil, eyni zamanda pərdəarxası diplomatiya, ikitərəfli görüşlər və qeyri-rəsmi danışıqlar üçün də geniş imkanlar yaratdı:
"Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar ətrafında geniş spektrdə fikir mübadiləsi aparıldı. Müzakirələrdə siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzuları da diqqət mərkəzində saxlanıldı. Forumda ən çox müzakirə olunan mövzular arasında Fələstin-İsrail məsələsi xüsusi yer tutdu. Qərb dövlətlərinin öz platformalarında bu mövzudan qaçdığı bir şəraitdə ADF-in Qəzza məsələsini açıq gündəmə gətirməsi foruma ayrı bir fərqlilik qazandırdı.
Birinci xanım Mehriban Əliyeva da Forumun yüksək profillli panellərindən birinin iştirakçısı oldu. Mehriban Əliyeva Antalyada "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı paneldə iştirak etdi. Bu, humanitar diplomatiya baxımından son dərəcə önəmli bir addım idi".
N.Həmzəyevin sözlərinə görə, Türkiyə Antalya Diplomatiya Forumunu beynəlxalq arenada balanslaşdırıcı və vasitəçi rolunu gücləndirmək strategiyasının ayrılmaz hissəsi kimi mövqeləndirib, tədbirlə Ankaranın qlobal diplomatik iz buraxmaq istəyini də bir daha nümayiş etdirib.
"ADF2025 Türkiyəyə orta güc olaraq ambisiyalarını irəli sürməkdə strateji platforma rolunu oynadı, ölkə diplomatiya, mədəni diskusiya və yumşaq güc vasitəsilə qlobal idarəetməni yenidən formalaşdırmağa çalışdı. 5-ci Antalya Diplomatiya Forumu bir neçə baxımdan əlamətdar oldu. Hər şeydən əvvəl, forumun rekord iştirak göstəriciləri bu platformanın qlobal diplomatik arximed nöqtəsinə çevrildiyini sübut edir. Azərbaycan üçün isə forum ikiqat əhəmiyyət kəsb etdi: bir tərəfdən Prezident Əliyevin apardığı çoxtərəfli görüşlər ölkənin beynəlxalq arenada fəal, müstəqil aktor statusunu bir daha təsdiqlədi; digər tərəfdən Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün bu müstəvidə daha da möhkəmlənməsi Bakının regional və qlobal siyasətdə mövqeyini gücləndirir. Forumun Azərbaycan üçün uğurlarının təqdim edilməsinin mühüm bir platforması olduğunu qeyd etmək yerinə düşür.
Nəticə etibarilə, ADF2026 çoxtərəfli diplomatiya, sülh danışıqları və regional əməkdaşlıq üçün bir körpü rolunu uğurla yerinə yetirdi", - deyə o yekunlaşdırdı.
NURİYYƏ