Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan şəxsi yaşayış şəraitdən şikayətlənib.
Musavat.com-a açıqlamasında Əməkdar artist hazırda ailəsi ilə birlikdə yaşadığını və bu vəziyyətin onun yaradıcılığına bəzən çətinlik yaratdığını deyib:
“Evimdə yalnız mənim kitablarım və qarderobum var. Çox təəssüf ki, həm kitablarım, həm də qarderobum hazırda basdırıqdadır. Arzum odur ki, mənim özümə məxsus ayrıca evim olsun və orada yaradıcılığımı daha sərbəst şəkildə davam etdirim, xalqımı, vətənimi daha gözəl əsərlərlə sevindirim. Bəzən yaradıcılığıma tam şəkildə fokuslana bilmirəm, çünki evdə övladlarım, nəvələrim və anamla birlikdə, səs-küylü bir ailə mühitində yaşayıram, italyan ailələri kimi. Allah böyükdür, inşallah mənə də tezliklə bir ev nəsib edər. Ayrı yaşamaq mənə yaradıcılığım üçün daha çox imkan verərdi”.
Elza Seyidcahan əlavə edib ki, bəzən boş qalan evləri görəndə orada müvəqqəti yaşamaq haqqında fikirləşir:
“Bəzən illərlə boş qalan evləri görürəm və düşünürəm ki, bəlkə gedib orada müvəqqəti yaşasam, ev sahibinə də deyim ki, sonra geri qaytararam. Məhz bu düşüncələr məni “Adamsız evlər” adlı şeiri yazmağa vadar etdi. Orada belə bir fikir ifadə etmişəm: “Adamsız evlər ağlayır, ərsiz qadınlar kimi, atasız analar ağlayır südəmər uşaqlar kimi”. Doğrudan da, adamsız evlər çox kədərlidir. Ərsiz qadınlar heç olmasa harasa gedib başlarını qatırlar, amma adamsız evlər sanki səssiz şəkildə çığıra-çığıra qalır. Allahın kəlamlarında da deyilir ki, iki köynəyin varsa, yaxşısını qonşuna ver. Mən də istəyirəm ki, Allah mənə belə bir ev nəsib etsin, orada rahatlıqla yaradıcılığımla məşğul olum, kitablarım da öz yerini tapsın, rahatlıq görsünlər. Mənim hazırkı şəraitim ideal deyil, amma inanıram ki, Allah onu da yetirər. Mənim vəziyyətim ona görə belədir ki, sənətimi ucuzlaşdırmamışam. Mən sənəti baha alıb ucuz satanlardan deyiləm”.
Xalidə Gəray
Musavat.com