EN

Politoloq Elşad Həsənov: Müharibə Avropada hərbi və iqtisadi balansı yenidən formalaşdırır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Avropa ölkələri Avropa İttifaqı çərçivəsində Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdilər. Bir çox Avropa dövləti Ukraynaya hərbi və maliyyə dəstəyi göstərərək onun müdafiə qabiliyyətini gücləndirməyə çalışdı.

Eyni zamanda Avropa ölkələri enerji asılılığını azaltmaq üçün Rusiyadan qaz idxalını məhdudlaşdırıb, alternativ mənbələr axtarmağa başladılar. Müharibə Avropada təhlükəsizlik siyasətini dəyişdirərək NATO ilə əməkdaşlığın güclənməsinə və bəzi ölkələrin hərbi xərclərinin artmasına səbəb oldu.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyada müharibələr baş alıb gedir və Rusiya–Ukrayna müharibəsindən sonra beynəlxalq vəziyyət daha da qarışdı. Hazırda NATO ölkələri bütövlükdə Ukraynaya dəstək göstərir və bəzi Avropa ölkələrində Ukrayna üçün dron və silah istehsalı da həyata keçirilir.

Çünki onlar hesab edirlər ki, Ukrayna məğlub olsa, növbəti hədəf Avropa ölkələri olacaq (ilk növbədə Polşa, Baltikyanı ölkələr və başqa dövlətlər).

Politoloqun fikrincə, bu ölkələr Ukraynaya ciddi dəstək göstərirlər.

Rusiya isə müharibəni, əsasən, Ukraynanın NATO-ya daxil olmaq istəyi ilə əsaslandırır.

“Müharibə başlayandan sonra Finlandiya və İsveç NATO-ya üzv oldular, çünki gələcəkdə Rusiya təhlükəsindən narahat idilər. Bu gün Rusiya siyasiləri Putinin demək istədiklərini cəmiyyətə çatdırır”-deyən politoloq hesab edir ki, indiki vəziyyət göstərir ki, Rusiya Ukrayna müharibəsində həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi çətinliklərlə üzləşib.

Ekspert hesab edir ki, xarici şirkətlərin ölkəni tərk etməsi, iqtisadi problemlər və işsizlik bu vəziyyəti daha da ağırlaşdırıb. Bununla yanaşı, ölkədə, əsasən, hərbi sənaye sahəsi fəaliyyətini davam etdirir.

Politoloqun fikrincə, eyni zamanda Rusiyanın müxtəlif ölkələrdən döyüşçü cəlb etdiyi və bəzi hallarda NATO ölkələrinin sərhədlərinə yaxın kəşfiyyat xarakterli dron uçuşları həyata keçirdiyi iddia olunur. Bu da Avropada narahatlıq yaradır.

Elşad Həsənov vurğulayıb ki, bütün bu proseslər göstərir ki, Rusiya Avropa istiqamətində təzyiq siyasətini davam etdirir və bu, təsadüfi deyil.

Politoloq hesab edir ki, ABŞ-ın başqa regionlarla məşğul olması Rusiyaya müəyyən manevr imkanı yaradır. Lakin eyni zamanda iqtisadi məhdudiyyətlər onun uzunmüddətli müharibə aparmaq imkanlarını da ciddi şəkildə azaldır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
bizimyol.info

1Sources