Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyəli iş adamı, “Massimo Group MMC” şirkətinin rəhbəri Nəcib Kösə Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədr müavini Bayram Yusifovu dələduzluqda ittiham edib. Şirkət rəhbəri sosial şəbəkə hesablarında videomüraciət paylaşaraq, B.Yusifovun ona külli miqdarda borcunun olduğunu deyib.
“Yeni Sabah” xəbər verir ki, söhbət Bakının Səbail rayonunun Şıxov ərazisində yerləşən, dəyəri təxminən 25 milyon manat olan villa üçün sifariş edilən mebel işlərindən gedir.
Nəcib Kösənin sözlərinə görə, “Massimo Group” həmin villanın bütün otaqlarını mebellə təchiz edib, lakin sifariş icra olunduqdan sonra ödəniş olunmayıb. İş adamı 8 aydır vəsaitini ala bilmədiyini deyir.
Nəcib Kösə dəqiq rəqəm deməsə də, borcun təxminən 250-300 min manat civarında olduğunu qeyd edib. İddialara görə, ödənişin gecikməsi nəticəsində tərəflər arasında anlaşılmazlıq yaranıb və məsələ hüquqi müstəviyə daşınıb. İş adamı artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini və prosesin məhkəmədə getdiyini bildirib.
İş adamının ittihamlarına cavab verən Bayram Yusifov “Yeni Sabah”a bildirib ki, Nəcib Kösə yalan danışır:
“Həmin videolarda səsləndirilən iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan, böhtan və təhqir xarakterli ifadələrdən ibarətdir. Videoda mənim barəmdə səsləndirilən “dələduz”, “dolandırıcı”, “qanunları heçə sayan”, “digər sahibkarları şərləyən” və bu kimi digər ittihamlar heç bir hüquqi və faktiki sübuta əsaslanmır və qərəzli məqsədlə yayılıb.
Qeyd etməliyəm ki, mübahisə sırf mülki-hüquqi xarakter daşıyır və hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. Bu mübahisə ilə bağlı həqiqət yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
Buna baxmayaraq, “Massimo Group” MMC-nin mebel fabrikinin sahibi Nəcib Kösə tərəfindən sosial şəbəkələr vasitəsilə ictimaiyyətə qərəzli və təhrif olunmuş məlumatların təqdim edilməsi, eyni zamanda mənim şərəf və ləyaqətimi alçaldan ifadələrin işlədilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır.
Bununla yanaşı bildirirəm ki, iddiaçı tərəfin mövqeyinə görə, şəxsim tərəfindən sifariş edilmiş mebellərin dəyərinin çox hissəsinin ödənilməsinə baxmayaraq (ödəniş qəbzi mövcuddur), cavabdeh tərəfindən həmin mebellərin qiyməti əsassız şəkildə dəfələrlə şişirdilmiş, real bazar dəyərindən qat-qat yüksək məbləğlər tələb olunub”.
B.Yusifov vurğulayıb ki, Nəcib Kösə ona verdiyi mebelləri həddindən artıq şişirdilmiş qiymətlərlə satmaq istəyib:
“Massimo Group” MMC-yə məxsus olan “Massimo” mebel mağazasından Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən həyət tipli evimə qonaq və mətbəx üçün 55.000 (əlli beş) min manat dəyərində Türkiyə istehsalı olan mebel dəstləri sifariş vermişdim. Həmin mebellər 13.10.2025-ci ildə mənə təhvil verilib və dəyəri 55.000 (əlli beş) min manat tam ödənilib. Mebellərin keyfiyyəti xoşuma gəldiyi üçün, həmin evə əlavə olaraq Türkiyə istehsalı olan eyni keyfiyyətli digər mebellərin sifarişini etmək qərarına gəldim. Bunun üçün “Massimo” mebel mağazasının sahibi Nəcib Kösəyə Xırdalan şəhərində yerləşən Əl-Riad yaxınlığındakı bina evində 133 kv.m olan 3 otaqlı mənzilin olmasını və həmin mənzilin dəyərində Türkiyə istehsalı olan mebellərlə əvəzləşdirə biləcəyini təklif etdim. Cavabdeh Nəcib Kösə təklif olunan mənzilə baxış keçirdikdən sonra bu təklifi qəbul etdi və 30.10.2025-ci il tarixinə qədər yenidən sifariş edilmiş mebelləri Türkiyədən gətirib təhvil verəcəyinə söz verdi. Bundan sonra cavabdeh Nəcib Kösə tərəflər arasında razılaşdırılmış müddətə riayət etməsə də gecikdirilmə ilə siyahısı razılaşdırılmış mebelləri 2026-cı ilin mart ayının ortalarında mənzilə gətirib quraşdırdı.
Lakin sonradan məlum oldu ki, sifariş edilən mebellər əvvəldən razılaşdırılmış mənzil dəyərində və birinci dəfə “Massimo” mebel mağazasından alınan mebellərin keyfiyyətində olmayıb. Buna görə də tərəflər arasında olmuş şifahi razılaşma pozulub. Bu səbəbdən mən Salyan şossesi 32 ünvanda yerləşən həyət tipli evinə gətirilmiş mebelləri pulla ödəyəcəyini bildirdim və cavabdeh Nəcib Kösəyə quraşdırdığı mebellərin bazar qiymətini çıxarmağı təklif etdim. Buna cavab olaraq cavabdeh Nəcib Kösə mənə verdiyi mebelləri həddindən artıq şişirdilmiş qiymətlə qiymətləndirdi. Misal üçün: mansardda olan mebel dəsti 11.000 (on bir) min manata “Massimo” mağazasından satıldığı halda (alan adam məlumdur) 17.000 dollar, yəni 28.900 manata, mağazanın instagram səhifəsində qoyulmuş, dəyəri 2900 manata olan divanı, iddiaçıya 3500 ABŞ dollar, yəni 5950.00 manata təklif edilib, və s. Bu rəqəmlərin cavabdeh tərəfindən şişirdilməsi yalnız bir məqsədlə edilib - iddiaçı tərəfindən təklif olunan mənzilin qiymətini örtmək üçün. Şişirdilmiş qiymətlərlə razılaşmadım və həmin mebellərin dəyərləndirilməsi üçün mebel mütəxəssislərinə müraciət etdim. Mütəxəssislər tərəfindən qiymətləndirilən mebellərin dəyəri cavabdehə təqdim olunub. Cavabdeh bu qiymətləndirmə ilə razı olmadığından mebellərin evimdən çıxarılmasını tələb edib. Cavabdeh bu tələbi qəbul etməyərək, aqressiv tərzdə davranmağa, barəmdə ölkə Prezidentinə məlumat verməyi, eləcə də iddiaçını tanınmış ictimai xadim və sahibkar olduğuna görə mənim nüfuzuma xələl gətirəcək məlumatların yayılması ilə hədələdi. Bu hərəkətlərdən çəkindirmək üçün 04.04.2026-cı il tarixdə cavabdehin istifadə etdiyi 50 600-23-24 “Whatsapp” nömrəsinə bildiriş göndərildi. Bildirişdə yaranmış mübahisənin yalnız qanun çərçivəsində həll edilməsinin mümkün olduğu bildirildi, mənə təsir göstərmək məqsədi ilə onun barəsində xoşagəlməz məlumatların yayılması, onun nüfuzuna vurulacaq ziyan kimi dəyərləndirilərək maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilib”.
Ağsaqqallar Şurası sədr müavini vurğulayıb ki, bu şişirdilmiş qiymətlərlə razılaşmadıqda isə cavabdeh tərəfindən təzyiq, şantaj xarakterli davranışlara məruz qalıb, sosial şəbəkələr vasitəsilə barəsində böhtan xarakterli məlumatlar yayılıb:
“Xüsusilə vurğulayıram ki, Azərbaycan Konstitusiyasına əsasən hər kəs təqsirsizlik prezumpsiyasına sahibdir və Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, hər bir şəxs onun şərəf və ləyaqətini ləkələyən məlumatların təkzibini tələb etmək hüququna malikdir. Eyni zamanda, sosial şəbəkələrdə yayılan bu kimi böhtan xarakterli məlumatlar hüquqi məsuliyyət yaradır.
Məlumat üçün bildirirəm ki, qeyd olunan hallarla bağlı artıq məhkəməyə müraciət etmişəm və iş üzrə hüquqi proses davam edir. Bununla yanaşı, Nəcib Kösənin hərəkətlərində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinin tərkib əlamətləri mövcuddur və bununla bağlı əlavə hüquqi tədbirlərin görülməsi də istisna edilmir. Bu səbəbdən tələb edirəm ki, birincisi, 15.04.2026-cı il tarixində yayımlanmış video materiallar dərhal silinsin, həmin məlumatlar yayımlandığı platformalarda rəsmi qaydada təkzib edilsin və şəxsimdən ictimai şəkildə üzr istənilsin.
Əks halda, özümün şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi məqsədilə bütün hüquqi vasitələrdən istifadə olunacaq, o cümlədən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar irəli sürüləcəkdir. İctimaiyyətə bildirirəm ki, qərəzli və təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi məhkəmə qərarlarına və hüquqi faktlara etibar edilməsi vacibdir”.
Nazim Hacıyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.