EN

"Karvan" da getmək istəmir

Misli Premyer Liqasında (MPL) komanda sayının artırılmasından sonra rəqabətin azalacağını güman edənlər yəqin ki, yanıldıqlarının fərqindədirlər. Hazırda "Sabah"ın ilk çempionluğunun biraddımlığında olması ölnəcədən proqnozlaşdırılmayan mənzərədirsə, debütant "İmişli"nin də elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalmaması özlüyündə maraqlı həqiqətdir. Çempionatın sonuna 5 tur qalmış heç MPL-dən hansı komandanın düşəcəyi də dəqiqləşməyib. Diqqətçəkən faktdır, deyilmi?

Məlum məsələdir ki, növbəti mövsümə Birinci Liqada başlamaq ehtimalı ən yüksək olan kollektiv hazırda 14 xalla sonuncu pillədə mövqe tutan "Karvan-Yevlax"dır. Uzun fasilədən sonra Premyer Liqaya qayıdan Yevlax komandasının son turlarda ortaya qoyduğu performans isə sözün əsl mənasında, təqdirəlayiqdir. Sabiq baş məşqçi Azər Həşimovun formalaşdırdığı heyətlə heç bir perspektiv vəd etməyən, hələ noyabrda sonuncu yerdə qalacağı şübhə doğurmayan aran təmsilçisi həmin vaxt komandanın "sükanı arxası"na gətirilən Füzuli Məmmədovun rəhbərliyi altında həqiqətən fərqli futbol sərgiləyir. Qış fasiləsi dönəmində əcnəbi futbolçu transfer etməyən, başqalarına lazım olmayan 3 yerlinin heyətə qatılması ilə kifayətlənən bölgə klubu Məmmədovun canfəşanlığı sayəsində əməlli-başlı "dirilib".

Hə, "Karvan" son 2 turda 2 qələbə qazanaraq özündən yuxarı pillələrdə mövqe tutan "Kəpəz"lə "Qəbələ"nin belə desək, kürkünə birə salıb. Görünən budur ki, yanvarda 2-3 səviyyəli legioner gətirmək mümkün olsaydı, hazırda tam fərqli mövqedə qərarlaşardı. Füzuli bəyin nəyi və necə dəyişdiyini incələmək ayrıca yazı mövzusudur. Lakin onun heyətinə görə bütün digər iştirakçılardan geri qalan komandada gec də olsa, qalib mentaliteti formalaşdırmağı bacarması mütləq vurğulanmalıdır. Düzdür, qarşıdakı 3 matçdakı rəqiblərin adları böyük ümidlərə əsas vermir. Lider "Sabah"la səfər matçının ardından öz meydanında avrokuboklara susamış "Neftçi"ni qəbul edəcək "Karvan" ardından bu yay qitəmiqyaslı turnirlərdən birində tər tökəcəyi şübhə doğurmayan "Turan Tovuz"un qonağı olacaq. Son iki tur isə vəziyyətdən asılı olaraq çox şeyi dəyişə bilər. "Qəbələ" ilə ev, "İmişli" ilə səfər qarşılaşmaları xal hesabının artırılması baxımından diqqətçəkən qarşılaşmalardır. Hərçənd bu o demək deyl ki, 14 xalı olan "Karvan" "Sabah", "Neftçi" və "Turan"dan heç bir halda, xal almağı bacarmayacaq. Futbolda motivasiya inanılmaz dərəcədə önəmli amildir və Məmmədovun "drujina"sı bu gün çox böyük özünəinam qazanaraq ümidlənib.

Digər tərəfdən, 21 xalla 10-cu sıradan boy göstərən "Kəpəz"də klubdaxili ab-hava qaydasında deyil. Baş məşqçi Azər Bağırovun postunda qalıb-qalmayacağı bilinmir, mövcud qeyri-müəyyənlik və arzuolunmaz çəkişmələr komandanın çıxışına birbaşa təsir edir. "Karvan"ın bu rəqibini 27-ci turda 4:1 hesabı ilə üstələməsi də unudulmamalıdır.

"Qəbələ"yə gəlincə, artıq Kaxaber Tsxadadzenin uduzduğu oyunlardan sonra verdiyi açıqlamalar daha çox özünü sudan quru çıxarmaq cəhdlərinə bənzəyir. Gürcü mütəxəssisin "Sumqayıt"dan alınan məğlubiyyətin ardından kələfin ucunu itirdiyi şübhə doğurmur. 

Bu məqamları da nəzərə alsaq, futbolsevərləri olduqca maraqlı 5 tur gözləyir. "Karvan"ın növbəti qələbəsi fonunda digər ikisinin xal toplaya bilməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirə, elitada qalmaq uğrunda rəqabəti fantastik həddə çatdıra bilər. Bizə həvəslə izləmək, mövsümün son matçlarından mümükün qədər çox zövq almağı arzulamaq qalır.

Nihat 

Chosen
6
fanat.az

1Sources