EN

Dövlət fermerlərə güzəştlərin həcmini artırsa da…

Bu gün ölkəmizdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son 10 ildə yüz minlərlə hektar ərazidə yaradılan 50- dən çox aqropark kənd təsərrüfatı məhsullarının bolluğunu  təmin edəcək mühüm amil kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycanda ərzaq bolluğunun yaradılması istiqamətində fermerlərə göstərilən dövlət dəstəyi də hər il artırılır.  Belə ki, ölkəmizdə 5 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir. Azərbaycan Sığorta Fondu (ASF) bildirir ki, ölkədə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsullarını, o cümlədən heyvandarlıq sahəsini çoxsaylı risklərdən mühafizə edir. Sözügedən risklərə dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi və s. hallar daxildir. Qaydalara əsasən, əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 faizini dövlət ödəyir. Bunun da nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, hazırda 1000 manatlıq məhsul verməli olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir. Göründüyü kimi, məhsulunu sığortalayan fermer az xərc çəkməklə rməhsulunu sığortalamış olur.

Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Belə ki, Vergi Məcəlləsində son də­yişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabine­ti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə tətbiq olunan ƏDV-dən azadetmə müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Şübhəsiz ki, vergi güzəştləri həm də ölkədə istehsal edilən mal, qoyun və quş əti­nin bahalaşmasının qarşısını almağa hesablanıb. Vergi Məcəlləsinə edilən digər bir dəyişikliyə əsasən, kəndlilər torpaq vergisi istisna olmaqla digər bütün növ vergilərdən azaddırlar. Hətta cari ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2027-ci ilin yanvarın 1-dək  ƏDV-dən azad edilib.

Ölkəmizdə ərzaq təhlükəsizli­yindən bəhs edərkən bir məsələni də vurğulamaq lazımdır ki, hökumət artıq ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə başlayıb. Kənd təsərrüfatı­nın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb.  

Ən başlıcası isə fermerlərə əsas dövlət dəstəyi tədbirlərindən biri hesab edilən subsidiyalardır. Belə ki, hazırda fermerlərə əkdikləri məhsulun növündən asılı olaraq hər hektar üçün subsidiya verilir (məsələn, 2026-cı il üçün müasir suvarma sistemləri ilə təmin olunan bostan sahələrinin hər hektarına 280 manat). Həmçinin  kənd təsərrüfatı texnikasının alışı zamanı dövlət texnikanın dəyərinin 40 faizini  subsidiyalaşdırır (bağışlayır). Fermer cəmi 20 faiz ilkin ödəniş etməklə texnikanı ala bilər. Bundan başqa, ölkəmizə idxal olunan safqanlı iribuynuzlu heyvanların, eləcə də yerli şəraitdə yetişdirilən damazlıq heyvanların alınmasına güzəştlər tətbiq edilir.

Kənd təsərrüfatı­nın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayır. Son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həm­çinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı 5 faiz­dən çox yüksəlib. Təbii ki, bu kimi güzəştlər və dəstəklər fermerlərin xərclərini azaltmaq, məhsuldarlığı artırmaq və aqrar sahənin rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədi daşıyır.

Lakin təəsüfləndirici haldır ki, dövlətin feremerlərə etdiyi belə geniş güzəştlərə və verdiyi dəstək tədbirlərinə rəğmən ölkəmizdə kənd təsərrüfatı məhsullarının artımında ciddi inkişaf nəzərə çarpmır. Nəticədə ölkəyə ərzaq məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlarda bildrilir ki, 2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590 milyon 994 min ABŞ dollarına bərabər olub. Bu isə əvvəlki illə müqayisədə  4.7 faiz  çoxdur.

Elçin Zaman, «İki sahil»

Chosen
29
ikisahil.az

1Sources