Avropa İttifaqında (Aİ) israilli mühacirlərə qarşı sanksiyaların tətbiq edilməsi və İsraillə assosiasiya sazişinə yenidən baxılması ehtimalı ətrafında fikir ayrılıqları qalmaqdadır, lakin bu tədbirlərin müzakirəsi davam edir.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas Fələstin məsələsinin həlli üzrə Qlobal Alyansın iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin əksəriyyəti məskunlaşanlar tərəfindən törədilən zorakılıqda əli olanlara qarşı sanksiyaların tətbiqini dəstəkləyir, lakin qərar üzv ölkələrdən biri tərəfindən bloklanır.
"26 ölkə dəstəkləyib, biri isə əleyhinədir və mövcud prosedurlar çərçivəsində məhz bu mövqe üstün gəlir", - Kallas bu cür tədbirlərin yekdillik tələb etdiyini vurğulayıb.
O əlavə edib ki, həmin ölkədəki son seçkilərdən sonra vəziyyət dəyişə bilər və Brüssel yeni hökumətlə bu məsələnin müzakirəsinə qayıtmağa ümid edir.
Kallas həmçinin təsdiqləyib ki, Aİ-də İsraillə assosiasiya sazişinin fəaliyyətinin dayandırılması məsələsi nəzərdən keçirilir, lakin belə bir qərar da bütün üzv dövlətlərin konsensusunu tələb edir.
Eyni zamanda, onun sözlərinə görə, Aİ-nin sərəncamında ixtisaslı səs çoxluğu ilə qəbul edilə bilən digər təzyiq vasitələri də var.
"Üzv dövlətlər artıq müxtəlif tədbirləri müzakirəyə çıxarıblar. İndi onların həyata keçirilməsi üçün siyasi iradənin olub-olmadığını qiymətləndirmək vacibdir", - Kallas deyib və sonrakı addımların xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək görüşlərində müzakirə ediləcəyini vurğulayıb.
Kallas xüsusi olaraq qeyd edib ki, Aİ İsrailin vergi daxilolmalarının Fələstin Milli Administrasiyasına köçürülməsi üzrə öhdəliklərini yerinə yetirməsinə təkid etməyə davam edir. "Bu vəsaitlər Fələstin xalqına məxsusdur və maaşların ödənilməsi, eləcə də institutların fəaliyyəti üçün zəruridir", - o vurğulayıb.
Bununla yanaşı, Avropa diplomatiyasının rəhbəri etiraf edib ki, Aİ-nin İsrailə birbaşa təzyiq göstərmək imkanları məhduddur, lakin Brüssel bu məsələni İsrail tərəfinə təsir göstərə bilən tərəfdaşlarla təmaslarında bundan sonra da qaldırmaq niyyətindədir.