EN

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin birinci rübündə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 322,2 milyon dollar olub  ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,47 faiz artım deməkdir.

Yanvar-mart aylarında Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsində payı 5,5 faiz olub və Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında 5-ci yeri tutub.

Bu dövrdə Gürcüstandan Azərbaycana ixrac 138,7 milyon dollar dəyərində məhsul təşkil edib, bu isə illik müqayisədə 1,2 faiz azalma deməkdir. Azərbaycan Gürcüstanın ixracında 8 faiz payla əsas ixrac tərəfdaşları arasında Çin, Qırğızıstan, Rusiya və Türkiyədən sonra beşinci sıradadır.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 183,4 milyon dollar olub və illik müqayisədə 10,1 faiz artıb. Azərbaycan 4,4 faiz payla əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra 6-cı sırada qərarlaşıb.

Ötən üç ayda Gürcüstanın ümumi ticarət əməliyyatları 5,86 milyard dollar səviyyəsində olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faz artım deməkdir. İxracın dəyəri 1,72 milyard, idxalın dəyəri isə 4,14 milyard  dollar təşkil edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources