EN

BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Bakı, 20 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 20 aprel - Beynəlxalq Çin Dili Gününə həsr olunmuş “Çin dili rəngarəng arzuları işıqlandırır” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, əvvəlcə Çin mədəniyyəti üzrə interaktiv təcrübə sessiyası təşkil olunub. Altı tematik guşədə Çin ənənəvi mədəniyyətinin müxtəlif aspektləri, o cümlədən ənənəvi əl işləri, xəttatlıq sənəti, çay mədəniyyəti və interaktiv Çin heroqlifləri üzrə oyunlar təqdim olunub.

Tədbirin açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun təşviqi, xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə “Regionşünaslıq” ixtisası açılıb, 2022-ci ildə isə “Çin filologiyası” ixtisası yaradılıb. Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində 2011-ci ildən BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey bildirib ki, son illərdə Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, ikitərəfli əlaqələr çoxşaxəli inkişafın yeni mərhələsinə qədəm qoyub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar əlaqələr möhkəmlənib.

Sonra Beynəlxalq Çin Dili Gününün yaranmasına dair videoçarx, Çin heroqliflərinin inkişafını əks etdirən təqdimat nümayiş olunub. BDU-nun tələbələri və Konfutsi İnstitutunun nümayəndələri ənənəvi Çin rəqsləri, musiqiləri ifa ediblər. Tədbirin iştirakçıları arasında Çin dili üzrə yarış keçirilib.

Chosen
19
azertag.az

1Sources