
Deputat Tahir Mirkişili qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər fonunda dövlətin iqtisadiyyatda rolunun yenidən formalaşdığını bildirib. Onun sözlərinə görə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı köklü transformasiya mərhələsinə daxil olub və ənənəvi “minimal dövlət” modeli artıq əvvəlki effektivliyini itirir.
Deputat qeyd edib ki, pandemiyalar, geosiyasi gərginliklər, enerji və ərzaq təhlükəsizliyi problemləri, həmçinin texnoloji rəqabət dövlətin iqtisadi proseslərdə daha aktiv iştirakını zəruri edir. Bu şəraitdə əsas məsələ dövlətin bazarın alternativi olması deyil, onun strateji tərəfdaşına çevrilməsidir.
Onun fikrincə, yeni iqtisadi reallıqda dövlət üç əsas istiqamətdə rolunu gücləndirir: strateji sektorların inkişafı, sənaye siyasətinin genişləndirilməsi və iqtisadi risklərin idarə olunması. Energetika, logistika, kənd təsərrüfatı və rəqəmsal infrastruktur kimi sahələr artıq milli təhlükəsizlik elementi kimi çıxış edir.
Deputat vurğulayıb ki, dünyada böyük iqtisadi güclər dövlət dəstəyi ilə sənaye siyasətinə qayıdır və yarımkeçiricilər, süni intellekt, yaşıl enerji kimi sahələrdə təşviqlər genişlənir. Bu isə bazarın təkbaşına bütün problemləri həll edə bilmədiyini göstərir.
Eyni zamanda, rəqəmsallaşma dövlət idarəçiliyində yeni mərhələ yaradır. Dövlət xidmətlərinin vahid platformalarda birləşdirilməsi və məlumat əsaslı qərarvermə mexanizmləri həm biznes, həm də vətəndaşlar üçün imkanları genişləndirir.
Deputat əlavə edib ki, yeni modeldə dövlət və özəl sektor arasında rəqabət deyil, əməkdaşlıq əsas prinsipə çevrilir. Dövlət strateji istiqaməti müəyyən edir, özəl sektor isə innovasiya və çeviklik təmin edir.
Azərbaycan üçün bu transformasiya xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, yaşıl enerji layihələri və tranzit-logistika imkanlarının artırılması əsas prioritetlər kimi müəyyən olunub.
Deputatın sözlərinə görə, Azərbaycan həyata keçirdiyi islahatlar və çevik iqtisadi siyasət nəticəsində yeni qlobal iqtisadi modelə uyğunlaşmaq və rəqabət üstünlüyü əldə etmək potensialına malikdir.